"Azərsu" ASC Abşeron yarımadasının bəzi yaşayış məntəqələrində formalaşan tullantı suların Pirşağı tullantı sutəmizləyici qurğusuna ötürülməsini təmin etmək məqsədilə daşıyıcı kanalizasiya kollektorlarının tikintisini davam etdirir.
Hafta.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hazırda 2 istiqamətdə kollektorun tikintisi intensiv qaydada davam etdirilir. Layihəyə əsasən, hazırda Zabrat-Kürdəxanı-Pirşağı, həmçinin dənizin sahili boyu 2 istiqamətdə kollektorlar inşa olunur. Zabrat, Kürdəxanı və Pirşağı qəsəbələrində formalaşan tullantı sularının toplanaraq təmizləyici qurğuya nəqli məqsədilə 1 400 mm diametrli dəmir-beton borularla 4 km uzunluğunda kollektorun tikintisi üzrə işlərin 40 %-i icra olunub. Hazırda kollektorun Pirşağı dəmir yolu stansiyası yaxınlığında dəmir və magistral avtomobil yolu ilə kəsişmədə ümumi uzunluğu 2 km olan tunel inşa edilir. Tunellərin tikintisi xüsusi tunelqazan maşınlar vasitəsilə həyata keçirilir. Bu məqsədlə kollektorun trassası boyu 16 nöqtədə müxtəlif dərinliklərdə qazılmış şaxtalardan istifadə edilir. İndiyə qədər 400 metr uzunluğunda tunel inşa olunub və bu sahədə işlər cari ilin sonunadək başa çatdırılacaq.
