Bolqarıstan Avropanın təbii qaz təchizatındakı problemləri azaltmaq üçün Azərbaycanla danışıqlara başlayıb.
Hafta.az-ın yazdığına görə, bu barədə Bolqarıstanın energetika naziri Rosen Xristov deyib. Nazir bildirib ki, Türkiyə ilə qazın depolanması məsələsində razılığa gəlib. Bu isə "Cheniere Energy"nin oktyabr ayı üçün mayeləşdirilmiş təbii qazın anbarlara tədarükü təklifini qəbul etməyə imkan verib.
R.Xristov bildirib ki, bu həftə Azərbaycandan qaz tədarükünün artırılması ilə bağlı danışıqlar başlayacaq. Bundan əlavə, Xristov Türkiyə ilə təbii qaz təchizatındakı azalmanın qarşısını almağa qarşı razılaşdıqlarını, oktyabr və ondan sonrakı dövr üçün çatışmayan qaz həcmlərinin təmin edilməsi variantlarını açıqlayıb.
Qış dövrünə hazırlıq görən Bolqarıstan təbii qaz tədarükü ilə bağlı müqavilə və razılaşmaların imzalanacağını deyib. Xristov əlavə edib ki, ölkəsinin aylıq qaz istehlakının təxminən üçdə biri qədər ehtiyyatı qalıb. "Qaz ehtiyyatının digər üçdə bir hissəsi Azərbaycandan tədarük ediləcək, qalan kəsinti üçün isə qazın haradan alınmasına dair alternativlər təklif olunacaq", - Xristov bildirib.
Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar enerji bazarlarında tədarük balansının pisləşməsindən sonra bir çox Avropa ölkəsi hazırlıqlara başlayıb. Bolqarıstanın energetika naziri "Bundan sonra qarşıdakı qış dövründə istehlak üçün orta müddətli müqavilələrin imzalanması istiqamətində çalışacağıq. Boru kəməri qazına üstünlük verilir, çünki o, daha etibarlı tədarük təmin edir" deyib.