"Bütün vətəndaşlar sosial məsuliyyətlərini dərk etməlidir" - Çağırış

15:56 01.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda ən mühüm məsələ ölkədə vətəndaşların karantin qaydalarına əməl etmələridir. İctimai nəqliyyat və digər yerlərdə maskadan istifadə etməli, sosial məsafə saxlanılmalıdır. Bəzən isə bu qaydaları pozan şəxslər də olur. Bu isə sosial məsuliyyətsizlikdir.

Bəs insanların sosial məsuliyyəti necə tənzimlənməlidir?

Hafta.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, ən başlıcası əhalini maarifləndirmək lazımdır:

"Amma maarifləndirməyi 40 il bundan qabakı metodlarla həyata keçirmək olmaz. Biz bu dəqiqə bütün qeyri-hökumət təşkilatlarını, üzvlərini cəlb edə bilərik, küçədə insanlara yaxınlaşar. Mən özüm bunu edirəm, soruşuram ki, nəyə etiraz edirsən. Bu, bir siyasət, iqtisadi aksiya deyil. Sənə deyirlər ki, sən xəstələnməklə, yüzlərlə adamı xəstələndirəcəksən, ölkəyə də zərbə vuracaqsan. Sən nəyə etiraz edirsən ki, maska taxmırsan, sosial məsafə saxlamırsan? Adam sanki nəsə qeyri-adi şey eşidir, üzümə baxır. Məsələn, mən təklif etdim ki, elə adamlara bir səhifəlik müraciət təqdim olunsun, oxusun, dəhşətləri hiss etsin. Tək bu, deyil. Mənim təqdim etdiyim layihədə 14-ə qədər tədbir var. Xüsusilə televiziyalarımız bu sahədə güclü işləməlidir. İkinci dünya müharibəsində bütün televiziya, radio, qəzet hamısı müharibə ilə bağlı səfərbər olunmuşdu. İndi bu koronavirus müharibədən betər bir şeydir. Amma bizim televiziyaları açırsan səviyyəsiz, primitiv, formal verilişlərdir. Sosial şəbəkələrdə, saytlarda epizodik söhbətlərdir. Yəni bu sahədə çox ciddi, elmi əsaslarla hazırlanmış fəaliyyət proqramı olmalıdır. Mən təklif etmişəm ki, Operativ Qərargahın nəzdində ictimai rəyə nəzarət qrupu olsun. Əhalini hazırlamadan biz heç nə edə bilməyəcəyik. Əhali buna müqavimət göstərir".

Oxunma sayı 1794
Sosial rubrikasından digər xəbərlər