Bütün dünyanı cənginə almış koronavirus təhlükəsinin 2020-ci ildə Bakıda keçiriləcək Formula-1 yarışlarına da təsirsiz ötüşməyəcəyi ilə bağlı sosial şəbəkələrdə fikirlər dolaşmaqdadır.
Hətta iddialara görə, yarışlar bir müddətlik təxirə də salına bilər. İddialar arasında koronaviruslarla əlaqədar olaraq “F-1 Baku” yarışları üçün bilet satışlarında da durğunluğun yaşandığı vurğulanır.
Məsələni yerində araşdırmaq üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə əlaqə saxladıq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 5-7 iyun 2020-ci il tarixlərində Bakıda sayca 5-ci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı hafta.az-ın suallarını cavablandırıb.
Qurumdan verilən açıqlamada bildirilir ki, biletlərin satışında heç bir azalma müşahidə edilmir. O da qeyd olunub ki, koronavirusla əlaqədar olaraq yarışların təxirə salınacağı ilə bağlı onlarda hər hansı bir məlumat yoxdur. Yəni, yayılan informasiyalar hər hansı bir fakta əsaslanmır.