"Gənclər onlara əmanət olunan dövləti qorumalıdırlar" - Eymən bin Əbdürrəhman

13:00 24.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzair hökuməti dövlət müstəqilliyinin 60-cı ildönümünü qeyd etmək üçün hazırlıqlara start verib.

Hafta.az-ın yazdığına görə, 58 şəhərdə qeyd olunacaq müstəqillik bayramına hazırlıqla bağlı Əlcəzairin Mücahidlər naziri Əl-İyd Rabiga dövlət radiosuna müsahibəsində bildirib ki, Prezidentin milli azadlığın yenidən əldə edilməsinin 60-cı ildönümü maksimum təntənə ilə qeyd olunacaq. Bu, Əlcəzair xalqının xatirəsinin qorunması və şəhidlərə vəfa baxımından çox vacibdir. 

Nazir qeyd edib ki, bayram hazırlıqlarına əsasən Ramazandan sonra başlanılacaq. Əslində bir il əvvəldən başlayan bayram tədbirləri, xüsusilə də "El-Dhakira TV"də Əlcəzairin azadlıq mübarizəsini (1954 - 1962-ci illər), ölkənin Fransa ordusu tərəfindən işğalını və müstəmləkəçiliyə qarşı xalq mübarizəsini müzakirə mövzusu seçən tarixi proqramlar təqdim edilir. 
Bu arada, tədbirləri təşkil etmək üçün Eymən bin Əbdürrəhmanın rəhbərliyi altında yaradılmış təşkilat komitəsindən bildirilib ki, əsas məqsəd gənc nəsillərə keçmişi unutmamağı, babalarının vətən uğrunda mübarizəsi ilə qürur duymalı olduqlarını aşılamaqdır. "Gənclər onlara əmanət olunmuş bu dövləti qorumalı, müstəqilliyin ardıyla başlayan inşa prosesini tamamlamalıdırlar", - açıqlamada deyilir. 
Mücahidlər naziri Rabiga deyib ki, bayram çərçivəsində davamlı olaraq Əlcəzairin şanlı tarixdən bəhs edən sənədli filmlər nümayiş olunacaq, uşaqlara aid xüsusi proqramlar təqdim ediləcək. "Eyni zamanda, yaddaşları canlandıracaq sənədlərin müzakirə ediləcəyi bir sıra konfranslar keçiriləcək, milli və beynəlxalq müstəvidə bir çox addımlar atılacaq. Əlcəzairin 1830-1962-ci il dönəmlərinə aid smartfon telefonlar üçün proqramlar da hazırlanır. Layihə çərçivəsində ölkəmizin tarixinə dair rəqəmsal sərginin keçirilməsi də planlaşdırılır”, - deyib nazir Rabiga.

Müstəqilliyin 60-cı ildönümü təntənələri üçün şüar və ən yaxşı milli hekayə seçmə yarılarışlarının keçirildiyini xatırladan nazir, bu müstəvidə tarixi kitabların nəşr olunmasını və köhnə əsərlərin yenidən çapını vacib sayıb. 

Xatırladaq ki, Əlcəzair xalqı 5 iyul 1962-ci ildə Fransa müstəmləkəçiliyə son qoyaraq müstəqilliyini elan edib.