Hədəf hər kubmetr sudan daha yüksək məhsuldarlıq əldə etməkdir

13:17 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqlim dəyişiklikləri və su ehtiyatlarına artan təzyiq şəraitində kənd təsərrüfatında su resurslarından səmərəli istifadə xüsusi əhəmiyyət kəsb edir.

Hafta.az yazır ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Sabirabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirədə deyib.

ADSEA sədri vurğulayıb ki, bu gün qarşıda duran əsas vəzifələrdən biri yalnız daha çox su ilə təminat deyil, hər kubmetr sudan daha yüksək məhsuldarlıq əldə etməyə əsaslanan, iqlim dəyişikliklərinə davamlı model formalaşdırmaqdır.

O qeyd edib ki, bu məqsədlə ənənəvi selləmə suvarma üsullarından mərhələli şəkildə imtina olunmalı, damcı və pivot texnologiyalarının, eləcə də lazer hamarlama və tirələrə ayırma kimi müasir aqrotexniki üsulların tətbiqi genişləndirilməlidir. Bu yanaşma həm suya qənaətə, həm məhsuldarlığın artırılmasına, həm də torpaqların şorlaşmasının qarşısının alınmasına xidmət edir.