"İsrail-İran gərginliyi fonunda Rusiya fürsəti əldən vermədi" – Üzeyir Cəfərov

16:49 27.06.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Təkcə o günlərdə 400-dən çox dron hücumu qeydə alındı, nəticədə çoxsaylı mülki şəxs həlak oldu...”

İsrail-İran savaşı beynəlxalq gündəmin əsas mövzusuna çevrildiyi bir vaxtda Rusiya bu vəziyyətdən istifadə edərək Ukraynaya qarşı vəhşi hücumlarını daha da intensivləşdirib.

Bu barədə hafta.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov danışıb.

Ekspertin sözlərinə görə, münaqişənin ilk mərhələsində NATO ölkələrinin, xüsusilə də ABŞ-ın diqqəti tamamilə İsrail-İran münaqişəsinə yönəlmişdi.

“Rusiya bu fürsətdən istifadə etdi. Həmin dövrdə Ukraynaya, xüsusilə Kiyevə qarşı genişmiqyaslı hücumlar həyata keçirdi. Yüzlərlə dron və raket yaşayış məntəqələrinə yönəldildi. Təkcə o günlərdə 400-dən çox dron hücumu qeydə alındı, nəticədə çoxsaylı mülki şəxs həlak oldu. Rusiya beynəlxalq diqqətin başqa istiqamətə yönəlməsindən yararlanaraq hücumlarını daha rahat həyata keçirdi. Bu, təbii ki, təsirsiz ötüşmədi”, – deyə Üzeyir Cəfərov vurğulayıb.

Ekspert əlavə edib ki, yaranmış geosiyasi vəziyyət tərəflərin hərbi texnika və silah-sursat təchizatında da öz təsirini göstərib.

“Ukrayna bəzi ölkələrlə sürətlə ikitərəfli hərbi müqavilələr imzalayaraq silah və texnologiyalar əldə etməyə başladı. Bu texnikaya raket komponentləri və digər müasir hərbi avadanlıqlar da daxildir. Hazırda hər iki tərəf artıq bu müharibənin yaratdığı ciddi fiziki və psixoloji yorğunluğu hiss edir. Bu səbəbdən də danışıqların keçirilməsi ilə bağlı müəyyən addımlar atılır. Məsələn, iyunun 26-da tərəflər arasında əsirlərin mübadiləsi həyata keçirildi. Bundan əvvəl isə həlak olmuş hərbi qulluqçuların cəsədləri qarşılıqlı olaraq təhvil verilmişdi”, – deyə ekspert əlavə edib.