Latviya hökuməti silahlı qüvvələrinin sərəncamında olan bütün “Stinger” daşına bilən hava hücumundan müdafiə sistemlərini və helikopterlərini Ukraynaya təhvil verməklə bağlı siyasi qərar qəbul edib.
Hafta.az-ın "European Pravda"ya istinadən yazdığına görə, bunu Londonda Ukraynanın bərpası üzrə konfransda Latviyanın baş naziri Krisyanis Karins deyib.
Karins xatırladıb ki, onun hökuməti hələ 2021-ci ilin noyabr-dekabr aylarında, Rusiya Federasiyasına genişmiqyaslı işğal təhlükəsi fəal müzakirə olunmağa başlayanda Ukraynaya hərbi yardım göstərmək qərarına gəlib.
"O vaxtdan bəri hökumətimiz ÜDM-in 1,3 faizdən çoxunu Ukraynaya müxtəlif yardımlara, o cümlədən 1 faizini hərbi yardıma xərcləyib. Bizim bütün "Stinger" raketlərimiz hazırda Ukraynadadır. Bizim helikopter parkımız var idi - onlar hələ də istifadə oluna biləcək şəkildə rənglənir və sonuncusunadək Ukraynaya gedəcək”, - o, əlavə edib.
Latviyanın baş naziri onu da qeyd edib ki, ölkəsi 3 minə yaxın ukraynalı hərbçiyə təlim keçir, həmçinin humanitar və maliyyə yardımı bir yana, pilotsuz təyyarələr və döyüş sursatları ilə də kömək edir.
"Sizə mesajım sadədir: Latviya kimi kiçik bir ölkə ÜDM-in 1,3 faizini xərcləyə bilirsə, siz də edə bilərsiniz. Biz ən varlı xalq deyilik, amma bu mümkündür və bir siyasətçi kimi deyə bilərəm: bu da faydalıdır”, - deyə Karins əlavə edib.
Latviyanın baş naziri həmçinin bildirib ki, Ukraynanın tərəfdaşları Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın bərpası üçün istifadə etmək yolunu tapmalıdır.