"Ölkəmiz təslimiyyəti qəbul etmədiyi üçün hər tərəfdən hədəfə alınıb" - Əlcəzair prezidenti

16:10 26.02.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Əlcəzair təslimiyyəti qəbul etmədiyi üçün hər tərəfdən hədəfə alınıb".

Hafta.az-ın aawsat.com-a istinadən yazdığına görə, bunu Əlcəzair prezidenti Əbdülməcid Tebbun deyib. Dövlət başçısı həmçinin İspaniya ilə dostluq və əməkdaşlıq müqaviləsinin dayandırılmasından təəssüfləndiyini bildirib.

Qeyd edək ki, rəsmi Madridin Qərbi Səhra məsələsində siyasətini Mərakeşin xeyrinə dəyişməsi səbəbindən Əlcəzair İspaniya ilə 20 illik Dostluq və Əməkdaşlıq Müqaviləsini ötənn il iyunun 8-də dayandırıb.

Prezident Tebbun deyib ki, dostluq və əməkdaşlıq müqaviləsi dayandırılsa da, ispan xalqı ilə əlaqələrin çox yaxşı olduğuna əmindir. İspaniya kralına böyük hörmət bəslədiklərini və İspaniya kralının bunu çox yaxşı bildiyini də əlavə edib.

Əlcəzairin İtaliya ilə əlaqələri niyə gücləndirmək istədiyinə toxunan prezident Tebbun deyib: “Bəzi Avropa ölkələri sadəlövhcəsinə Əlcəzairin xüsusi himayə altında olduğunu düşünür. Lakin Əlcəzair azaddır və bilir ki, İtaliya ilə münasibətləri gücləndirmək onun marağındadır. Çünki İtaliya 1990-cı illərin ən qaranlıq günlərində yanımızda olan yeganə ölkədir. Bizə pislik edənlərdən qisas almadığımız kimi, ölkəmizə və xalqımıza zərrə qədər yaxşılıq edənləri də heç vaxt unutmayacağıq”.

Digər tərəfdən, qeyri-hökumət təşkilatlarını tənqid edən prezident Tebbun, QHT-lərin hər 5-10 ildən bir Əlcəzairdə sabitliyi pozmağa çalışdıqlarını, əksər QHT-lərin xarici ölkələrin kəşfiyyat xidmətlərindən asılı olduğunu bildirib.

Fələstin məsələsinə toxunan Tebbun deyib ki, İsrail ordusu Fələstində günahsız insanları həqiqi güllələrlə vuraraq qətlə yetirir.

Bəzi avropalı məmurları üstüörtülü tənqid edən prezident Tebbun deyib: "Yaxın vaxtlaradək Avropada bəzi məmurlar deyirdilər ki, Əlcəzairin onların Beşinci Batalyonu tərəfindən idarə olunması üçün keçid mərhələsindən keçməli idi". Əlcəzairin təslimiyyəti qəbul etmədiyi üçün hər tərəfdən hədəf seçildiyini və bu prosesin indi də davam etdiyini söyləyən prezident Tebbun deyib ki, ölkəsi cənnət deyil, ancaq cəhənnəm də deyil, odur ki, hər bir əlcəzairli öz vətəninə güvənməlidir. Dövlət başçısı qeyd edib ki, Əlcəzair siyasi və iqtisadi güc kimi Afrikada, ərəb dünyasında və Aralıq dənizi hövzəsində nüfuzlu ölkədir.

Həmkarlar ittifaqlarının etiraz və tətil hüququna diqqət çəkən prezident Tebbun, "ölkələrini satmağa cəhdləri" sərt şəkildə tənqid edərək, etiraz və tətillərin konstitusiya hüququ olduğu üçün qanunun tətbiqlənməsi lazım olduğunu vurğulayıb.

Əlcəzairin Kiyevdəki səfirliyini yenidən açacağını açıqlayan Tebbun “dünən xarici işlər naziri ilə görüşdüm. Əlcəzairin Kiyevdəki səfirliyini yenidən açmaq qərarına gəldik. Ukrayna ilə münasibətlərimiz normaldır və Rusiya ilə də münasibətlərimizin necə olduğunu hamı bilir" deyib.

Əlcəzairin Ukrayna ilə Rusiya arasında vasitəçilik cəhdinə başladığına dair iddiaları rədd edən prezident Tebbun, Əlcəzair diplomatiyasının hər zaman səssiz işləməyə üstünlük verdiyinin vurğulayıb.