"OPEC-in hasilatı artırması qiymətlərin enməsinə səbəb olacaq" - Vüqar Bayramov

11:07 10.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"Rusiya neftindən imtina edən ABŞ daha qısa zamanda yeni alternativlər tapmağa çalışır. Hətta “siyasətdə daimi düşmənlər və daimi dostlar olmur, daimi maraqlar olur” prinsipinə uyğun Venesueladan daha çox neft idxal etmək üçün danışıqlar da aparılır".
 
Hafta.az-ın yazdığına görə, bu sözləri iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. Onun fikrincə, ABŞ sanksiyadan öncə Rusiyadan idxal etdiyi gündəlik 670 min barel nefti daha qısa müddətdə başqa mənbə hesabına əvəzləməklə həmçinin dünya petrol bazarında kəskin qiymət artımlarını əngəlləmiş olacaq. Digər tərəfdən, Birləşmiş Ştatlarda benzinin qiyməti tarixi rekordadək yüksəlib. Neftin dünya bazar qiymətindəki artımlar digər məhsullarının da qiymət artımını şərtləndirir.
V.Bayramov qeyd edir ki, bütün bunların fonunda, dünən neft birjalarında volatillik qeydə alınıb. Belə ki, 1 bareli 130 dolları keçən Brent markalı neftin qiyməti 110 dollaradək ensə də, sonradan 3 faizə yaxın artıb. Hazırda neft 114 dollara təklif olunur.
"Qiymətdə enmələrin səbəbi Birləşmiş Ərəb Əmirliklərinin hasilatın artırılması ilə bağlı açıqlama verməsi oldu. Gözlənilir ki, OPEC+ alyansında Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-in hasilatı artırmaq istəyinə dəstək olacaqlar. Qeyd edək ki, OPEC ötən aydan etibarən gündəlik hasilatı 560 min barel artırıb. Sanskiyalar fonunda isə Qərb üçün daha böyük həcmdə artımlara ehtiyac var.
Bununla yanaşı, sanskiyalar nəticəsində boşalmaqda olan neft bazarını qısa zamanda doldurmaq texniki baxımdan real görsənmir. Buna görə də, dünən enən qiymətlər yenidən yüksəlməyə başlayıb. Amma görünən odur ki, Vaşinqton neftin bahalaşmasında maraqlı olmadığı üçün, OPEC-in qısa zamanda hasilatı mümkün qədər artırmasına çalışacaq. Bu da qiymətlərin kəskin artımının qarşısının alınması üçün yetərli ola bilər. Amma hələlik neft birjaları daha çox bəyanatlarla idarə olunur. Bazarlar isə real neft tələb edir", - deyib V.Bayramov.