Rusiyalı tanınmış jurnalist Mixail Qusman Sovet dövründən bu günə qədər ölkəsində ad çıxarmış media nümayəndəsidir. 73 yaşlı Qusman Bakıda doğulub. Rusiyanın dövlət xəbər agentliyi TASS-ın baş direktorunun müavini titulunu da daşıyan veteran jurnalist diqqətdə olan siyasətçilərlə hazırladığı “Formula Vlasti” (Güc Formula) adlı müsahibə proqramı ilə məşhurdur.
Hafta.az-ın yazdığına görə, Qusmanın son işi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi karyerasından bəhs edən sənədli film olub. Sənədli filmin premyerası Türkiyənin Moskvadakı səfirliyində baş tutub. Türkiyənin Moskva səfiri Məhmət Samsarın ev sahibliyi etdiyi tədbirdə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko da iştirak edib.
Səfir Samsar Qusmanın peşəkarlığına diqqət çəkərək, Türkiyə liderinin həyat və siyasi karyerasını təfərrüatlandıran bu xüsusi layihəyə görə təşəkkürünü bildirib. O, həmçinin Ərdoğanın rus dilinə tərcümə edilmiş “Daha ədalətli dünya mümkündür” kitabını iştirakçılara təqdim edib.
Qusman Ərdoğanın kitabı üçün də təşəkkür edərək, "Bu kitabdakı fikirlər sənədli filmin mərkəzində idi" deyib.
Qusman, "Bizim proqram 22 ildən artıqdır ki, efirdədir. Dörd yüzdən çox şəxsiyyətə işıq salıb. Halbuki prezident Ərdoğan 4 dəfə müsahibə almaq şərəfinə nail olduğumuz yeganə şəxsdir. İndi bir arzu və ümidimiz var: Prezident Ərdoğanla beşinci dəfə görüşmək və onun gələcək planlarını öyrənmək" deyə bildirib.
Doğulub boya-başa çatdığı ölkə olan Azərbaycanla da yaxın münasibətdə olan Qusman bundan əvvəl Azərbaycan prezidenti İham Əliyev tərəfindən “Şərəf nişanı” ilə təltif olunub.