2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsi son beş ildə iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayıb. Bu sənəd təkcə Azərbaycan-Türkiyə əlaqələrinin hüquqi bazasını möhkəmləndirməklə kifayətlənməyib, həm də regionda yeni geosiyasi reallıqların formalaşmasına ciddi təsir göstərib.
Milli Məclisin deputatı Arzuxan Əlizadə Hafta.az-a açıqlamasında bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldən mühüm siyasi-hüquqi sənəddir.
Deputatın sözlərinə görə, ötən beş il ərzində Azərbaycan-Türkiyə münasibətləri bütün istiqamətlər üzrə dinamik inkişaf edib. Siyasi dialoq daha da intensivləşib, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənib, iqtisadi əlaqələr yeni məzmun qazanıb. Xüsusilə enerji, nəqliyyat, hərbi sənaye, təhsil və humanitar sahələrdə həyata keçirilən birgə layihələr iki ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirib.
A.Əlizadə qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda və müxtəlif platformalarda bir-birinin mövqeyini qətiyyətlə müdafiə edən, regional və qlobal məsələlərdə ortaq mövqedən çıxış edən müttəfiq dövlətlər kimi çıxış edirlər. Onun fikrincə, bu əməkdaşlıq modeli artıq region üçün nümunəyə çevrilib.
Deputat vurğulayıb ki, Şuşa Bəyannaməsinin mühüm nəticələrindən biri də Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına verdiyi töhfədir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən sonra bölgədə yaranmış yeni siyasi şəraitdə Azərbaycan-Türkiyə müttəfiqliyi regional sabitliyin və təhlükəsizliyin əsas dayaqlarından biri kimi çıxış edir.
“Bu sənəd dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin təşviqinə xidmət edir. Eyni zamanda regionda sülh, əməkdaşlıq və təhlükəsizlik mühitinin formalaşmasına mühüm dəstək verir”, – deyə deputat bildirib.
Arzuxan Əlizadənin sözlərinə görə, Şuşa Bəyannaməsinin əhəmiyyəti yalnız Azərbaycan və Türkiyə ilə məhdudlaşmır. O hesab edir ki, sənəd türk dünyasının inteqrasiyası baxımından da mühüm strateji əhəmiyyət daşıyır.
Deputat qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi, Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin açılması perspektivləri, enerji və logistika layihələrinin həyata keçirilməsi türk dövlətləri arasında iqtisadi, siyasi və humanitar əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
“Şuşa Bəyannaməsi yalnız Azərbaycan-Türkiyə münasibətlərinin yol xəritəsi deyil, həm də türk dünyasının gələcək əməkdaşlıq modelini müəyyən edən strateji sənəddir. Bu sənəd ortaq maraqlara əsaslanan əməkdaşlığın daha da dərinləşməsinə və türk dövlətləri arasında birliyin möhkəmlənməsinə xidmət edir”, – deyə A.Əlizadə vurğulayıb.
Deputat əlavə edib ki, bu gün artıq aydın görünür: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının siyasi ifadəsi olmaqla yanaşı, regionda uzunmüddətli sabitlik, təhlükəsizlik və inkişaf üçün mühüm təminatlardan biridir. Onun fikrincə, sənədin əhəmiyyəti gələcək illərdə daha da artacaq və regional əməkdaşlığın möhkəmlənməsində xüsusi rol oynayacaq.