İqlim dəyişmələri Avropa İttifaqına 822 milyard avro zərər vurub

13:53 12.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa Ətraf Mühit Agentliyi qitədə rekord istilər, daşqınlar, quraqlıqlar və meşə yanğınlarının getdikcə daha ciddi iqtisadi və sosial nəticələrə səbəb olmasına dair xəbərdarlıq edib.

Hafta.az xəbər verir ki, Avropada iqlim dayanıqlılığı üzrə hesabat, Kiçik bələdiyyələrin iqlim dayanıqlılığına dair məlumat arayışı, İqlim təsirləri və hazırlıq səviyyəsinə dair yeni interaktiv platforma təqdim edən agentliyin məlumatına görə, Avropa 1980-ci illərdən bəri qlobal orta göstəricidən iki dəfə sürətlə istiləşir.

Hesabata əsasən, 1980-2024-cü illərdə Avropa İttifaqında hava və iqlim hadisələri nəticəsində ümumi iqtisadi itkilər 822 milyard avroya çatıb. Bu itkilərin 25 faizi son dörd ilin - 2021-2024-cü illərin payına düşüb ki, bu da ekstremal hadisələrin intensivləşdiyini göstərir. Həmin dövrdə təbii fəlakətlər 441 mindən çox insanın həyatına son qoyub.

Avropa Ətraf Mühit Agentliyinin qiymətləndirməsinə görə, təşkilata üzv 32 ölkənin hamısı artıq milli iqlim uyğunlaşma siyasəti qəbul etsə də, planlaşdırma ilə icra arasında ciddi boşluqlar qalır. Məlumatların çatışmazlığı uyğunlaşma tədbirlərinin riskləri nə dərəcədə azaltdığını qiymətləndirməyi çətinləşdirir.

Hesabatda bildirilir ki, bütün ölkələr gələcəkdə ən böyük risklərin istilik dalğaları və temperatur artımı ilə bağlı olacağını gözləyir. Daşqınlar və quraqlıqlar da əsas təhlükələr arasında göstərilir. Həmçinin vurğulanır ki, Avropa İttifaqı əhalisinin 40 faizindən çoxunun yaşadığı kiçik bələdiyyələr iqlim risklərinə qarşı tədbirlər görsə də, onların yalnız 16 faizinin rəsmi uyğunlaşma fəaliyyət planı mövcuddur. Böyük bələdiyyələrdə isə bu göstərici 28 faizə çatır.

Agentliyin iqlim riskləri və hazırlıq səviyyəsinə dair istifadəyə verdiyi yeni interaktiv platforma istilik dalğaları, daşqınlar, quraqlıqlar və meşə yanğınları üzrə məlumatları, proqnozları və uyğunlaşma nümunələrini vahid mənbədə təqdim edir.