İstixanalarda və saxlanılma yerlərində fumiqasiya tədbirləri aparılır

12:44 12.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aqrar Xidmətlər Agentliyi tərəfindən ölkənin fitosanitar təhlükəsizliyinin təmin olunması, zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və kənd təsərrüfatı məhsullarının qorunması məqsədilə məhsulsaxlama məntəqələrində və karantin nəzarətində olan müxtəlif materiallarda fumiqasiya (zərərsizləşdirmə) tədbirləri aparılır.

Hafta.az xəbər verir ki, cari ilin əvvəlindən bu günədək fiziki və hüquqi şəxslərin müraciətləri əsasında 192 min 951 ton dənli və paxlalı bitki məhsulları, yemlər, texniki yüklər, qurudulmuş meyvələr, həmçinin tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materiallar zərərsizləşdirilib. Eyni zamanda, 84 min 491 kubmetr həcmində meşə materiallarında, o cümlədən taxta altlıqlar (paletlər) və digər taxta qablaşdırma materiallarında fumiqasiya tədbirləri aparılıb. Məhsulların təhlükəsiz saxlanılmasının təmin edilməsi məqsədilə 138 min 507 kubmetr həcmində saxlanma yerləri və anbar sahələri zərərsizləşdirilib.

Tədbirlər çərçivəsində karantin nəzarətində olan məhsul və materiallarda aşkar edilən zərərli orqanizmlərə qarşı maye, bərk və qaz formalı pestisidlərdən istifadə olunmaqla zərərsizləşdirmə işləri həyata keçirilir. Fumiqasiya tədbirləri məhsulların keyfiyyətinin qorunmasına, məhsul itkilərinin minimuma endirilməsinə və bitki sağlamlığının təmin olunmasına xidmət edir.

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi hüquqi və fiziki şəxslərlə bağlanılmış müqavilələr əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. Bu işlər Agentliyin xüsusi təlimatlandırılmış və müvafiq səlahiyyət verilmiş peşəkar fumiqasiya dəstələri tərəfindən icra olunur.

Fumiqasiya prosesinin bütün mərhələlərində təhlükəsizlik qaydalarına ciddi riayət olunur. Tədbirlərin həyata keçirilməsi zamanı insan və heyvan sağlamlığı, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı tələblər nəzərə alınır, tətbiq olunan preparatların təhlükəsiz istifadəsinə xüsusi diqqət yetirilir. Bununla yanaşı, fermerlərə və sahibkarlara fumiqasiya tədbirlərinin əhəmiyyəti, tətbiq olunan prosedurlar və təhlükəsizlik qaydaları barədə müvafiq məlumatlar verilir.

Görülən tədbirlər ölkədə fitosanitar sabitliyin qorunmasına, kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsinə və zərərli orqanizmlərin yayılma riskinin minimuma endirilməsinə xidmət edir.