Bakıda türkdilli ölkələrin VII Zirvə Görüşü baş tutdu. Görüşdən sonra türkdilli dövlətlərin ortaq lüğətinin hazırlanması haqqında müzakirələr yenidən başladı.
"Türkdilli dövlətlərin ortaq lüğəti hazırlana bilərmi" sualımızı Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Möhsun Nağısoylu cavablandırdı. O, qeyd etdi ki, biz indiyə kimi türkdillərinin müqayisəli morfologiyası, müqayisəli fonetikası, müqayisəli leksikasını hazırlamışıq: “Türkdilli ölkələrin lüğətinin hazırlanması məncə çox gözəl təşəbbüsdür. Bu işə başlaya bilərik. Bu ideya əvvəldən olub. Amma gerçəkləşməyib”.
Direktor Nəsiminin türkdilli ölkələrdə təbliği ilə bağlı dedi ki, Özbəklər Nəsiminin yaradıcıllığını türkcə çap ediblər, Qazaxlar da Nəsimi yaradıcıllığı haqqında kitablar çap edib, Türkiyədə şair haqqında araşdırmalar var: “Bu yaxınlarda Dədə Qorqud kollkoviumun 30 illiyi ilə bağlı tədbir keçirildi. Mən o toplantıda təklif etdim ki, Nəsiminin müştərək ortaq nəşrini hazırlayaq. Nəsimi haqqında türkdilli dövlətlərin çap etdikləri kitablar, araşdırmalar var. Ancaq azdır”.