Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ankaradakı səfiri Səid Sani əz-Zahiri Kahramanmaraşda “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdən daha güclü çıxacağına inandığını bildirib.
Hafta.az-ın yazdığına görə, Zahiri bu sözləri zəlzələdən zərər çəkmiş Qaziantepdə BƏƏ-nin qurduğu səhra xəstəxanasının açılışında müxbirlərə deyib.
Səhra xəstəxanasının BƏƏ-nin zəlzələ bölgəsinə etdiyi yardım və xidmətin bir parçası olduğunu bildirən səfir, Kahramanmaraşda axtarış-xilasetmə qruplarının olduğunu və zərər çəkənlərə yardım payladıqlarını bildirib. Sani əz-Zahiri, "Biz bilirik ki, Türkiyə bu böhrandan qardaşlıq və dostluqla daha güclü çıxacaq" deyib.
Qaziantəpin İslahiyyə rayonunda BƏƏ tərəfindən açılan 4-ü reanimasiya şöbəsi olmaqla 54 çarpayılıq səhra xəstəxanasında zəlzələdən zərər çəkənlər müalicə edilirlər.
Qeyd edək ki, BƏƏ ilk gündən qardaş Türkiyəyə hər cür humanitar dəstək verməkdədir. BƏƏ prezidenti Əl-Nahyanın sərəncamı ilə zəlzələnin ilk günlərində Türkiyəyə 50 milyon dollar nağd yardım ayrılıb. Bundan əlavə, BƏƏ Qızıl Aypara Cəmiyyətinin Türkiyə və Suriyaya dəstək məqsədilə başlatdığı “Yaxşılıq Körpüləri” yardım kampaniyası çərçivəsində Əbu Dabi və Dubaydakı mərkəzlərdə iki həftə ərzində nağd və nağd yardımlar toplanacaq. Daha sonra, BƏƏ milli aviaşirkəti "Emirates" Türkiyə və Suriyada zəlzələ qurbanlarına təcili yardım ləvazimatlarını çatdırmaq üçün Dubaydan İstanbula hava körpüsü yaradıb.
Yardımlar bununla da bitməyib, BƏƏ zəlzələdən zərər çəkmiş bölgələrə 32 təyyarə humanitar yük göndərib.