"Türkmənlər də hərbi təhlükəsizlikdə rol oynamalıdır" - Riyaz Sarıkahya

13:15 23.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Peşmərgə qüvvələri üç ildir ki, Kərkük şəhərindən 6-7 kilometr aralıda yerləşmişdi. Amma son vaxtlar İŞİD-in artan təhlükəsinə qarşı İraq hökumətinin də razılığı ilə Kərkükə yaxın mövqeyə gəliblər".

Bunu Kərkük şəhərinin Kürdüstan muxtariyyətinə birləşdiriləcəyinə dair gəzən şayiələrə cavab olaraq Hafta.az-a müsahibəsində iraqlı siyasətçi, Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya deyib. O bildirib ki, son bir il ərzində Amerikanın məsləhəti ilə, İraq ordusu – Peşmərgə ortaq qüvvələrini və iki tərəf arasında əlaqələri koordinasiya edəcək mərkəzlərin qurulması məsələsində razılığa gəlinib. Əsl məqsəd isə kürd bölgəsi ilə İraq ordusunun nəzarət etdiyi ərazilər arasında mübahisəli olan boş bölgədə İŞİD-ə qarşı təhlükəsizlik tədbirlərinin görülməsidir.

"Daha konkret desək, neft mədənlərini və neft nəql edən boruların təhlükəsizliyini təmin eləmək üçün Amerikanın vasitəçiliyi ilə ortaq hərbi birləşmələr yaradılıb. Kürdlərin nəzərində isə, bu qüvvələrin yaradılması ərazilərinin genişləndirilməsi mənasına gəlir. Biz Türkməneli Partiyası olaraq deyirik: bir halda ki, İraq-Peşmərgə ortaq hərbi qüvvələri yaradılıb, o zaman türkmən hərbi qüvvələri də onların yanına alınsın və üçtərəfli xidmət göstərsinlər. Hesab edirik ki, bu halda qurulmuş hərbi qüvvələr daha geniş və təsirli olacaq", - deyib R.Sarıkahya.