Odessada Ukrayna vətəndaşı qadına hücum edən Türkiyə vətəndaşının Ukraynada daimi yaşayış icazəsi ləğv edilib. Odessa Regional Miqrasiya Xidmətinin rəsmi Facebook hesabında verilən açıqlamaya görə, ictimai qəzəbə səbəb olan hadisədən sonra dövlət qurumları təcili hərəkətə keçib.
Hafta.az yazır ki, mMiqrasiya xidmətinin açıqlamasında deyilir: “Ukrayna Milli Polisinin Strateji Təhqiqatlar Departamentinin Odessa Regional İdarəsinin müraciətindən sonra Ukraynanın Odessa Regional Dövlət Miqrasiya Xidmətinin Baş İdarəsi sözügedən xarici vətəndaşa verilən Ukrayna immiqrasiya (yaşayış) icazəsini ləğv etmək qərarına gəlib. Bundan əlavə, bu icazə əsasında verilən Ukrayna daimi yaşayış kartının etibarsız hesab ediləcəyi, müsadirə ediləcəyi və məhv ediləcəyi qərara alınıb”.
Hadisənin 13 iyunda baş verdiyi bildirilir: 58 yaşlı Türkiyə vətəndaşının 68 yaşlı ukraynalı qadına hücum etdiyi iddia olunur.
Miqrasiya İdarəsi heç kimin Ukrayna vətəndaşlarının hüquqlarını və təhlükəsizliyini pozmaq hüququna malik olmadığını vurğulayıb və buna görə də dövlət orqanlarının reaksiyası son dərəcə operativ, çevik və prinsipial olub. Qurum bəyanatını aşağıdakı xəbərdarlıqla yekunlaşdırıb: “Biz ərazimizdə yaşayan bütün Ukrayna vətəndaşlarını, əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri ləyaqətlə davranmağa, bir-birinə hörmət etməyə, Ukrayna qanunlarına və insan birgəyaşayışının universal qaydalarına ciddi şəkildə riayət etməyə çağırırıq”.