2020-ci ildə ticarət dövriyyəmiz 178 milyon dollar olub - Səfir

14:57 31.08.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2020-ci ildə Azərbaycan - Koreya ikitərəfli ticarət dövriyyəsi 178 milyon dollardan bir qədər artıq olub və qeyd etdiyiniz kimi, bunun böyük əksəriyyəti Koreyadan Azərbaycana ixracın payına düşüb.

Bu fikirləri hafta.az-a Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov deyib.

Onun sözlərinə görə, Koreyanın Azərbaycana ixracında əsas yeri nəqliyyat vasitələri və ehtiyat hissələri, elektrik və elektronika avadanlıqları, rezin şinlər, əczaçılıq məhsulları, kondisioner və hissələri tutub:

"Azərbaycandan Koreyaya ixracda isə kimya məhsulları, qiymətli metallar, qara metallar və məhsulları, kənd təsərrüfatı emalı məhsulları böyük paya sahib olub. Təbii ki, Azərbaycanın qeyri-neft sənayesi məhsullarının, o cümlədən kənd təsərrüfatı məhsullarının Koreyaya ixracı istiqamətində müəyyən işlər görülür. Qeyd edim ki, xüsusi halda, Azərbaycan aqrar məhsullarının Koreyaya idxalında ən böyük maneə Koreyanın bu cür məhsullara münasibətdə tətbiq etdiyi qayda və tələblərə cavab verilməsi, rəsmi icazələrin alınması prosedurlarıdır. Hazırda AZPROMO ilə birlikdə bu istiqamətdə fəaliyyət göstəririk. Fikrimcə, Koreyanın və o cümlədən inkişaf etmiş bir sıra digər dövlətlərin, xüsusilə kənd təsərrüfatı məhsullarının idxalına münasibətdə tətbiq etdiyi standartlar yaxın gələcəkdə beynəlxalq miqyasda bir çox dövlətlər tərəfindən də tətbiq edilməyə başlanılacaq. Bu baxımdan Azərbaycanın kənd təsərrüfatı məhsullarının həmin standartlara cavab vermələri, gələcəkdə Koreya ilə yanaşı bir çox dövlətlərə Azərbaycan məhsullarının ixracına və beləliklə ixrac bazarlarının sayının artmasına şərait yaradacaq".

İqtisadiyyat rubrikasından digər xəbərlər