Azərbaycanda qeyri-neft sektorunun inkişafını şərtləndirən mühüm sahələrindən biri kənd təsərrüfatıdır. Son illər bu sahənin inkişafı hökümət üçün əsas prioritetlərdəndir. Bununla belə, kənd təsərrüfatı sahəsinin Ümumi Daxili Məhsulumuzdakı payı 5-6 faiz arasındadır və bu göstərici uzun illərdir dəyişilmədən qalır.
Məsələn, statistik məlumatlara əsasən, 2017-ci ildə bu pay 5,6 faiz təşkil edib. 2018-ci ildə göstərici 5.3 faizə düşsə də, 2019-cu ildə yenidən 5.7 faizə qədər yüksəlib. Bəs, görəsən, 2020-ci ili aqrar sahə necə başa vurur? Bu il bütün bəşəriyyətin mübarizə apardığı koronavirus pandemiyasının kənd təsərrüfatına hansı təsirləri oldu?
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, ümumiyyətlə, 2020-ci il həm qlobal, həm də Azərbaycan iqtisadiyyatı üçün ciddi mənfi çağırışlarla başladı:
“Pandemiyanın yayılması sərt karantin qərarlarına və dolayısı ilə iqtisadiyyatın bloklanmasına səbəb oldu. Bu isə öz növbəsində mal və xidmət istehsalının azalması, biznesin və vətəndaşın gəlirlərinin aşağı düşməsi, alıcılıq qabiliyyətinin zəifləməsi kimi silsilə təhdidlər yaratdı. Xüsusilə ilin ikinci rübündə qlobal iqtisadiyyatda sərt kiçilmə qeydə alındı. O cümlədən dünyanın ən böyük iqtisadiyyatı ABŞ-da 31.4 faiz kiçilmə baş verdi. Qlobal ressesiya, məcmu tələbin azalması nəticəsində dolayısı ilə enerji bazarlarında, xüsusilə də neft bazarında qiymətlər tarixi minimumlarını təkrarladı. ”Azərlight" markalı neft qısa müddət ərzində 18 dollaradək ucuzlaşdı. Bütün baş verənlər fonunda 2020-ci ilin 11 ayında Azərbaycan iqtisadiyyatı 4.3 faiz, adambaşına istehsal 4.7 faiz kiçildi. Ölkənin turizm sektoru hesabat dövründə 57 faiz, tikinti sektoru 11.3 faiz kiçildi. İaşə sektorunda dövriyyə 2 dəfədən artıq azaldı. O ki qaldı kənd təsərrüfatına, bu sahədə vəziyyət nisbətən fərqlidir. Pandemiya kənd təsərrüfatının ilk dövrlərini əhatə etmədi. Çünki mart, aprel, may ayları bu sahə üçün passiv fəaliyyət dövrü hesab olunur. Amma pandemiyanın uzanması bu sektorda da mənfi tendensiyanın formalaşmasına gətirib çıxardı”.
Ekspert onu da vurğulayıb ki, ilk dövrlərdə kənd təsərrüfatında 6,5-7 faiz artım müşahidə olunub. Amma sonrakı dövrlərdə müvafiq artım tempi mərhələli şəkildə azalmağa başlayıb: “Səhv etmirəmsə, 11 ayın nəticələrinə görə, göstəricilər 1,2 faizə düşüb. Lakin bu göstəricələr kənd təsərrüfatının real nəticələrini özündə əks etdirmir. Çünki bu sahə ölkə iqtisadiyyatının ən zəif uçotu aparılan sahələrindən biridir. Bununla yanaşı, rəsmi statistik məlumatlarda da bu seqmentdə belə geriləmələrin olduğu qeyd edilir. Məsələn, 9 ayın nəticələrinə baxanda biz görürdük ki, məhsul yığımı başa çatmış ərazilərin miqyası ötən illə müqayisədə 1,5 faizdən azdır. Bunu dəyər zəncirinin müxtəlif halqalarında yaranmış problemlərin təzahürü də hesab etmək olar. Çünki faktiki olaraq ilk dövrlərdə sərt karantin tədbirləri çərçivəsində insanların ayrı-ayrı bölgələrdə fəaliyyətinə imkan yaradılmadı. Məlum məsələdir ki, bu seqmentdə çalışan insanlar müəyyən səbəblərdən daha çox yaşadıqları rayonda deyil, başqa rayonlarda fəaliyyət göstərməyə üstünlük verirlər. Sərt karantin çərçivəsində hərəkətin məhdudlaşdırılması isə işçi qüvvəsinin hərəkətinə neqativ təsirini göstərdi. Daha sonra məhsulların bazara çıxarılması ilə bağlı fasilələr yarandı. Bildiyimiz kimi ancaq yük avtomobillərinin hərəkətinə icazə verildi və son nəticədə fərdi ailə təsərrüfatları öz məhsullarını bazara çıxarmaqda çətinliklərlə üzləşdilər. Əslində bu olduqca ciddi problemdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda kənd təsərrüfatı məhsulunun istehsal subyektlərinin təxminən 97 faizi ailə təsərrüfatları və fərdi sahibkarlardır. Onların isə normal saxlama, transport, bazarlama və s. kimi imkanları olmadığına görə yaranmış fasilələr kənd təsərrüfatına neqativ təsir etdi. Eyni zamanda, bu il aqrar məhsulların dünya bazarına çıxarılmasında da müəyyən problemlər yarandı. Xüsusilə alma istehsalçıları öz məhsullarını birbaşa olaraq bazara çıxara bilmədi. Dəyər zəncirinin bu halqasında da əvvəlcədən mövcud olan problemlər prosesin sürətli təşkilinə imkan yaratmadı və son nəticədə məhsullar əksər sahələrdə insanların əlində qaldı”.
Məsələ ilə bağlı hafta.az-a danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov isə bu qənaətdədir ki, əslində pandemiya kənd təsərrüfatına elə də ciddi təsir göstərməyib:
“Düzdür, mövcud vəziyyətlə bağlı əksər iş yerləri, qapalı məkanlar fəaliyyətini dayandırdı. Amma kənd təsərrüfatı sahəsində işlər açıq sahələrdə aparıldığından pandemiya bu sahədə işlərin dayandırılmasına səbəb olmadı. Sadəcə psixoloji məqamlardan dolayı yaşadığı ərazidə deyil, başqa rayonda işləmək məcburiyyətində qalan işçilərin hərəkətində məhdudiyyətlər yarandı. Yəni, kəndli bu il istehsalla da məşğul oldu, istehsal etdiyi məhsulu yığdı da, onun satışını təşkil edə də bildi. Düzdür, 44 günlük Vətən Müharibəsi aqrar sektorun aktiv dövrünə təsadüf etdiyindən bu dövrdə cəhbəyanı rayonlarda mövcud vəziyyətlə əlaqədar geriləmələr ortaya çıxdı. Bir çox sahibkarlar məhsul yığımını vaxtında həyata keçirə bilmədi, bir çoxu isə məhsulu, xüsusilə soğanı yığa bimədi və məhsul tamamilə xarab oldu. Ona görə biz hazırda soğanı Rusiyadan və digər ölkələrdən idxal etməli olmuşuq. Demək olar ki, yerli bazarda çox ciddi soğan çatışmazlığı var və bu baxımdan da soğan bahalaşmaqda davam edir. Biz bu məhsulun bahalaşdığını qarşıdakı aylarda da hiss edəcəyik. Digət tərəfdən ölkədə ot və yem istehsalı azalıb. Baxmayaraq ki, statistik məlumatlarda bu məhsulların ciddi şəkildə artımı göstərilir. Əgər həmin məlumatlar doğru olsaydı, o zaman ot və yemin qiyməti ciddi şəkildə ucuzlaşardı. Onu da deyim ki, heyvanların baş sayı 2020-ci yanvarın 1-nə olan məlumata görə azalıb. Belə ki, 12,2 min baş iribuynuzlu mal-qaranın, 114,9 min baş isə qoyun və keçilərin sayında azalma var. Yəni, mal-qaranın, qoyun-keçinin sayı azalırsa, bu da o deməkdir ki, ot və yemə olan tələbat nisbətən azalır. Statistik rəqəmlərə inansaq, belə olan halda bazarda ot və yem də uzuzlaşmalıdır. Amma biz nəticə olaraq əksini görürük. Deməli, reallıqda ot və yem istehsalı nəinki artıb, ciddi şəkildə azalıbdır”.
Ekspert vurğulayıb ki, qlobal iqlim dəyişikliyi nəticəsində son illər ölkəmiz quraqlıq problemindən əziyyət çəkir. Amma bütün bunlara baxmayaq suyu düzgün şəkildə idarə etməklə problemin həllinə nail olmaq mümkündür: “Əslində ölkədə kifayət qədər su ehtiyatı var. Sadəcə suyu düzgün şəkildə idarə etmək lazımdır ki, bütün əkin sahələri suvarıla bilsin. İndi keçək bəzi aqrar məhsullar üzrə bu il üçün nəticələrə. 2020-ci ildə ölkədə əkin sahəsinə görə birinci yeri tutan buğda istehsalı 2 milyon 210 min ton nəzərdə tutulmuşdu. Amma statistik məlumatlara əsasən, bu il buğda istehsalı 1 milyon 860 min ton olub. Bu da 2020-ci ildə nəzərdə tutulduğundan 350 min ton azdır. 2019-cu ilə nisbətdə isə 311 min ton azdır. Ümumilikdə isə dənli və dənli-paxlalı bitkilərin istehsalı 8,3 faiz azalıb. Bizim əslində 1 milyon 600 min hektar əkin sahəmiz var. Bunun da 1 milyon hektardan biz az çoxunda dənli və dənli-paxlalı bitkilər becərilir. Deməli, əsas əkinçilik sahəsindən bu il az məhsul əldə olunub. Digər tərəfdən, statistik məlumatlarda bu ilin 11 ayı ərzində meyvəçilikdə, tərəvəzçilikdə artım qeyd olunur. Ancaq biz bunu bazarda hiss etmədik. Bundan başqa, 2020-ci ildə aqrar məhsullar üzrə idxal artıb, ixrac isə azalıb. Məsələn, bu ilin yanvar-oktyabr ayları ərzində kərə yağı idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,9, süd idxalı isə 18,6 faiz artıb. Ət idxalında fiziki çəkidə azalma olsa da, dəyər ifadəsində artım var. Həmçinin əsasən, kəsim üçün ölkəyə idxal edilən diri heyvanlar dəyər ifadəsində 14,2 faiz artıb. Deməli, ümumilikdə götürəndə ət idxalı da artıb. Onda sual yaranır, əgər daxildə istehsal artıbsa, o zaman idxal niyə bu qədər çoxalıb? Meyvə-tərəvəz idxalında da ötən ilə nisbətdə artım var. İxracda isə 3900 ton azalma qeydə alınıb. Elə məhsullar var ki, onların ixracı azalıb. Məsələn, ötən ilin eyni dövrü ilə müqayisədə fındıq fiziki çəkidə 23,4 faiz, alma 27 faiz, xurma 24,7 faiz azalıb. Bu məhsulların ixracı azalıbsa, biz həmin məhsulları daha ucuz almalıydıq. Yəni, istehsal artmışdısa və ixrac azalmışdısa, həmin məhsul daxili bazara yönəldilməli idi. Almanı, fındığı, xurmanı daha ucuz əldə etməliydik. Əslində isə istehsal artmayıb, əksinə azalıb və ixracdakı azalma da nəticə olaraq özünü göstərir”.