Artıq 2022-ci ilin başa çatmasına sayılı günlər qalır. Yeni ilə qədəm qoymağımız həm də yeni qanun və qaydaların qüvvəyə minməsi deməkdir. Bəs görəsən, 2023-ci ildə vətəndaşları hansı yeniliklər gözləyir?
Əvvəlcə ondan başlayaq ki, 2023-ci il yanvarın 1-dən yeni büdcə sənədi qüvvədə olacaq. Yeni ilin əsas maliyyə sənədi də əvvəlki illərdə olduğu kimi, sosialyönümlü olacaq. Başqa sözlə, dövlət büdcəsinin sosialyönümlüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olaraq saxlanılacaq. Büdcədə xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi üçün 2023-ci il yanvarın 1-dən əməkhaqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin, həmçinin digər sosial ödənişlərin artırılmasının qarşıya mühüm vəzifələr kimi qoyulması bunun bariz ifadəsidir.
Sosialyönümlü xərclər artırılıb
Məlumat üçün bildirək ki, 2023-cü ilin dövlət büdcəsi layihəsində gəlirlər 30 773 978 min manata, büdcə xərcləri isə 33 353 278 min manata çatdırılıb. Büdcə layihəsində sosialyönümlü xərclər ümumilikdə 1 milyard 289.2 milyon manat artırılaraq 15 milyard 218.9 milyon manata çatdırılıb. Bu, dövlət büdcəsi xərclərinin 45.7 faizini təşkil edir. İşğaldan azad edilmiş ərazilərin bərpası və bu ərazilərdə əhalinin məskunlaşması üçün şəraitin yaradılmasına ayrılan xərclər 330 milyon manat artırılaraq 3 milyard manata, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə hüquq-mühafizə orqanları üçün ayrılan xərclər 495.9 milyon manat artırılaraq 8 milyard 062.9 milyon manata çatdırılıb. Bununla yanaşı, təhsil xərclərinin 4 milyard 423 milyon manat, səhiyyə xərclərinin 1 milyard 906 milyon manat olacağı proqnozlaşdırılır. Əməyin ödənişi xərclərinin 420 milyon manat, məqsədli kənd təsərrüfatı tədbirləri, ərzaq təhlükəsizliyi üçün ayrılan xərclərin isə 350 milyon manat artırılması planlaşdırılır. Həmçinin 2023-cü ildə dövlət büdcəsindən dotasiya almayacaq rayonların sayı 6 rayon artaraq 57-yə çatacaq.
Qeyd edək ki, müstəqillik tariximizin ən böyük büdcə xərclərinin 25,3 faizi və yaxud 8 milyard 419 milyon manatı dövlət sərhədlərimizin bərpası və etibarlı mühafizəsinin daha da möhkəmləndirilməsi, ordumuzun müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin gücləndirilməsi, Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma tədbirlərinin maliyyə təminatının yaradılması üçün nəzərdə tutulub. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı xərclər Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ehtiva etdiyi məqsədlərin reallaşdırılması çərçivəsində maliyyələşdiriləcək. 2023-cü ildə strategiya çərçivəsində qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün ayrılan 5 milyard 244 milyon manat həcmində vəsaitin 60 faizi Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işlərinə yönəldiləcək.
Pensiyaların hesablanmasında ayrı-seçkilik aradan qaldırılacaq
Yeni ildən əmək pensiyalarının indeksləşdirilməsində yol verilən ayrı-seçkilik aradan qaldırılacaq. Bu, "Əmək pensiyaları haqqında" qanuna təklif olunan dəyişikliklər sayəsində mümkün olacaq. Bütün növ əmək pensiyaları hər ilin əvvəlində vahid qaydada indeksasiya edilərək artırılacaq. Digər bir dəyişiklik isə Prezidentin ötənilki sərəncamı ilə pensiyalara 200 manatlıq əlavələrin də ümumi pensiya məbləğinə daxil edilərək birgə indeksasiya olunub artırılması ilə bağlıdır. Gələn il üçün pensiyaların artımı bu il ərzində qeydə alınmış orta aylıq əmək haqqının artım faizi ilə müəyyən ediləcək. Orta aylıq əmək haqqında artım faizini isə Dövlət Statistika Komitəsi müəyyənləşdirəcək. Bundan başqa, qulluq stajına görə pensiya alan şəxslərin təqaüdləri də hər il orta illik əmək haqqının artım fazinə görə indeksləşdiriləcək. Yeni dəyişiklər təklifi bu sahədə inzibatçılığın yüngülləşdirilməsinə və əmək haqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan verəcək.
Azərbaycanda uşağın anadan olması və dəfn üçün verilən müavinətlərin məbləğinin artırılması təklif edilir. Bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb. Qeyd edilib ki, Hesablama Palatası rəyində əvvəlki illərin icra göstəricilərinin təhlilinə əsaslanaraq növbəti ildə müavinət məbləğlərində dəyişiklik edilməyəcəyi halda uşağın anadan olmasına və 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar, eləcə də dəfn üçün müavinətlər üzrə nəzərdə tutulmuş vəsaitin məbləğinə yenidən baxılmasını tövsiyə edib.
Xatırladaq ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanına dəyişiklik edilməsi barədə” 2021-ci il 20 dekabr tarixli 1496 nömrəli Fərmanına əsasən uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği cari ilin 1 yanvar tarixindən 50 faiz artırılaraq 300 manata çatdırılıb.
Qarabağda işləyənlərə güzəştlər nəzərdə tutulub
Yeni ildən azad edilən ərazilərdə işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq olunacaq. Bununla bağlı Əmək Məcəlləsinə yeni maddənin əlavə olunması təklif edilir. Yeni maddəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda Məcəllədə və digər qanunlarda nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:
- Mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilən ərazilərdə vergi uçotunda olduqda;
- Mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilən ərazilərdə yerləşdikdə;
- Mütəxəssislər işğaldan azad edilən ərazilərdə məskunlaşdıqda.
Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Hərbçilərin pensiyası yeni qaydada hesablanacaq
Gələn il nəzərdə tutulan yeniliyə əsasən, təminat xərcliyi anlayışına dəyişiklik edilir. Hazırda qüvvədə olan qanuna əsasən, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Dəyişikliyə əsasən, sonrakı artımlar təminat xərcliyindən çıxarılır. Beləliklə, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ hesab olunacaq. Başqa sözlə, dəyişiklik pensiya hüququ əldə edən hərbi rütbəli şəxslərin pensiyasının əməkhaqqından sonrakı artımlar əsasında deyil, ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun qaydada təminat xərcliyinə əsasən, pensiya alan hərbi rütbəli şəxslərin əmək pensiyasının ümumi məbləğinin hər il yenidən hesablanaraq artırılması onların sosial müdafiəsinin yaxşılaşdırılması ilə yanaşı əmək pensiyalarının indeksləşdirilməsi metodologiyasında vahid yanaşmaya nail olunmağı məqsədilə hər il yenidən hesablanması üçündür.
“Qida təhlükəsizliyi haqqında” qanun qüvvəyə minəcək
2023-cü il yanvarın 1-dən “Qida təhlükəsizliyi haqqında” qanun qüvvəyə minəcək. Yeni qanun qida təhlükəsizliyi sistemi üzrə bir çox yeniliklərin hüquqi bazasını formalaşdırmaqla yanaşı, sahibkarlara dövlət dəstəyi siyasəti çərçivəsində bəzi inzibati prosedurların sadələşdirilməsini də nəzərdə tutur. Yeni qanuna əsasən, 2023-cü il yanvarın 1-dən etibarən sahibkarlıq subyektlərini bir sıra yeniliklər gözləyir. Belə ki, yeni ildən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə veriləcək. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi ölkələrdə isə qiymətləndirmə aparılmaqla həyata keçiriləcək. Bioloji aktiv qida məhsulları, qida və yem əlavələri və təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək. Qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına icazə verilməyəcək və bu cür məhsulların idxalı və istehsalı mümkün olmayacaq. Qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda, həmin məhsulların idxalına və dövriyyəsinə icazə verilməyəcək. Qida məhsullarının markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilməyəcək. Bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minəcək. Bütün qida və yem məhsulları məhsul idxal olunmamışdan əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən və idxal sağlamlıq aktı verildikdən sonra dövriyyəyə buraxılacaq. Qida ilə təmasda olan material və məmulatların idxalı zamanı onlara Agentlik tərəfindən verilən idxal sağlamlıq aktı, yerli istehsal olduqda isə obyektlərin qeydiyyatı tələb olunacaq. Aşağı riskli məhsullara aid qida obyektlərinin qeydiyyatı avtomatik, yüksək riskli məhsullara aid obyektlərin təsdiqi isə tələblərə uyğunluğu qiymətləndirilməklə həyata keçiriləcək. Obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan, təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə vahid məbləğ (150 manat) olmaqla ödəniləcək. Yem məhsullarının dövlət qeydiyyatı “yem zəncirinə” nəzarətlə əvəz olunacaq. Özəl laboratoriyalar akkreditasiya ilə yanaşı, Qida Təhlükəsizliyi İnstitutunun səriştəlilik sınaqlarından keçdikdən sonra onların nəticələri qəbul ediləcək.