2040-cı ilədək 1,4 milyard ton karbon emissiyasının qarşısı alınacaq

09:25 09.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2040-cı ilə qədər dünyada 296713 meqavat gücündə kömür elektrik stansiyalarının bağlanması ilə 1,4 milyard ton karbon emissiyasının qarşısı alınacaq.

Hafta.az-ın AA-ya istinadən yazdığına görə, Global Energy Monitor-un (GEM) məlumatında deyilir ki, hazırda dünyanın 75 ölkəsində təxminən 2440 kömür elektrik stansiyası var ki, bunların toplam gücü 2 milyon 130 min 119 meqavatdır.  Bu elektrik stansiyalarının illik karbon emissiya səviyyəsi 10 milyard ton olaraq hesablanır.

Kömürlə işləyən elektrik stansiyalarının 78,3 faizi Asiyada, 10,4 faizi Amerikada və 7,8 faizlə Avropada yerləşir. Ölkə miqyasında ən böyük güc 1 milyon 136 min 731 meqavatla Çində, ikinci yerdə 237 min 148 meqavatla Hindistan və 200 min 90 meqavatla ABŞ gəlir.

Qalıq yanacaq istifadəsi iqlim dəyişikliyinin ən böyük səbəblərindən biri kimi önə çıxır. Paris razılaşmasına uyğun olaraq, əksər ölkələr havanın temperaturunu 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq və qlobal karbon emissiyalarını azaltmaq hədəflərinə uyğun olaraq kömürdən uzaqlaşmağa üstünlük verirlər.

Ötən il 13 ölkədə 21121 meqavat kömür gücü istismardan çıxarılıb.

Dünyanın 48 ölkəsi 2040-cı ilə qədər 296713 meqavatlıq kömür elektrik stansiyalarını bağlamağı planlaşdırır. Bu rəqəm hazırda fəaliyyətdə olan elektrik stansiyalarının 14 faizinə uyğundur. Beləliklə, 2024-2040-cı illərdə 1,4 milyard ton karbon emissiyasının təbiətə atılmasının qarşısı alınacaq.

Bu çərçivədə bu il 22915 meqavatlıq elektrik stansiyaları istismardan çıxarılacaq. Gələn il bu rəqəm 54410 meqavata yüksələcək. Sözügedən dövrdə 104090 meqavatla kömür tutumunu ən çox azaldan ölkə ABŞ olacaq. Birinci yerdə olan ABŞ-ı 30507 meqavatla Cənubi Afrika, 24240 meqavatla Almaniya izləyəcək.

2024-2040-cı illərdə kömürlə işləyən elektrik stansiyasının gücünü ən çox azaldacaq 10 ölkə aşağıdakılardır:

1.ABŞ 104,090 meqavat, 2. Cənubi Afrika 30507 meqavat, 3. Almaniya 24240 meqavat, 4. Cənubi Koreya 19860 meqavat, 5. Avstraliya 18599 meqavat, 6. Polşa 14952 meqavat, 7. Tayvan 10914 meqavat, 8. Malayziya 7410 meqavat, 9. İtaliya 5830 meqavat və 10. Çin 5270 meqavat.

Oxunma sayı 233