2020-ci il 27 sentyabr tarixində işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücuma keçən Azərbaycan Ordusu noyabrın 8-də Şuşa şəhərini azad edərək, düşməni kapitulyasiyaya imza atmağa məcbur etdi. Rusiyanın vasitəçiliyilə imzalanan üçtərəfli bəyanata əsasən, Azərbaycan ərazilərində olan erməni hərbi birləşmələri ərazilərimizi tərk etməli və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini, sərhəd bütövlüyünü tanıyan sülh müqaviləsinə imza atmalı idi. Ərazilərimizin böyük bir hissəsinin işğaldan təmizlənməsi ilə bitən 27 Sentyabr Vətən Müharibəsi böyük qalibiyyət tarixini yazmaqla, növbəti proseslərin Azərbaycanın xeyrinə həll olunmasında əsas yol xəritəsini cızdı. Vətən Müharibəsindən keçən 3 il ərzində bu hadisənin ictimai-siyasi-hərbi, beynəlxalq əhəmiyyəti müxtəlif aspektlərdə araşdırılmaqda davam edir. Siyasi və hərbi ekspertlər həmin qızıl tarixi “Həftə içi”ndə müzakirə etdilər.
Politoloq Qabil Hüseynli bildirir ki, Vətən müharibəsinin başlanmasında geosiyasi, geostrateji, hərbi-siyasi və zaman məsələsi diqqətlə nəzərə alınmış və münasib vaxt kimi 27 sentyabr seçilmişdi. Eyni zamanda, iqlim şərtləri, həmçinin əhalinin özünün ruh yüksəkliyinin həmin vaxtlarda yüksək olduğu Azərbaycan cəmiyyətində möhkəm milli-siyasi həmrəyliyin yarandığını nəzərə alaraq, həmin gün seçildi. Öyrənildi ki, bugünün seçilməsi qələbəyə aparacaq və apardı da...
Q.Hüseynli obyektiv, başa düşən dünyanın Azərbaycanın haqq davasını normal qarşıladığını qeyd edib: “Azərbaycan torpaqları 30 il idi ki, işğal altında idi. Otuz mindən artıq insanımız həlak olmuşdu, 1 milyon məcburi qaçqın və köçkün yurd yerini tərk etmişdi. Xocalı, Meşəli, Qaradağlı, Ağdaban, Ağanis-Ayrımda qanlı soyqırımlar törədilmişdi. Yağı düşmən ərazilərimizin böyük bir hissəsini rusun yaxından köməkliyi ilə istila etmişdi. Dünya bu problemi həll etmək üçün “ATƏT-in Minsk qrupu” deyilən qondarma qurum yaratmışdı. Onlar da bölgəyə turist səfərlərindən başqa heç nə etmirdi: yeyib-içib, gəzirdilər. Cəsarətləri çatıb ərazilərimizin 20 faizini işğal etmiş dövlətlərə “təcavüzkar dövlət” belə, deyə bilmirdilər. Xristian təəssübkeşliyi, xristian missionerliyi özünü açıq surətdə büruzə verirdi. Bu insanlar müsəlamn türk dünyasıba qarşı amansız idi. Onlar vaxtı uzadır və bundan da Ermənistanın istifadə etməsinə şərait yaradıtdılar. Nəhayət, Azərbaycan Ordusu ayağa qalxdı, və yağı düşməni böyük cəsarətlə ərazilərimizdən vurub-çıxardı”.
Q.Hüseynli deyir ki, 27 sentyabrda başlanan müharibə Azərbaycan vətəndaşlarına, xüsusilə də məcburi köçkünlük həyatı yaşayan insanlara öz torpaqlarına qayıtmaq şansı yaratdı: “Bu, Azərbaycan insanına böyük ruh yüksəkliyi aşıladı. Azərbaycan insanına son 200 ildə yağı düşmən üzərində ilk qələbəni qazanmaq imkanı verdi.
İndi Azərbaycan cəmiyyəti müharibənin yaratdığı ruh yüksəkliyi altındadır, öz torpaqlarını qorumaq üçün əzmlə dayanıb və onu yağıdan qoruyacaq”.
Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, 2020-ci il 27 sentyabr tarixində işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı Azərbaycan Ordusunun başladığı əks-hücum vaxtından asılı olmayaraq, tarixi zərurət idi. Azərbaycan 30 il işğal altında qalan və erməni işğalçılarının qeyd-şərtsiz ərazilərimizdən çıxarılmasını tələb edən BMT-nin 4 mühüm qətnaməsini özü icra etməklə, əslində, beynəlxalq hüquqa hörmətlə yanaşmanın nümunəsini göstərdi, aliliyini təmin etdi:
“Azərbaycan özünün əsas hədəfləri üzərində düşünür. Biz Qarabağda yaşayan əhalinin normal həyata qayıtmasını təmin edən yol xəritəsi ilə hərəkət edirik. Məlumdur ki, fikirlərimizi əsas hədəfimiz olan terrorun ləğvi üzərində cəmləməliyik. Sonrakı mərhələdə proseslər özü düyünləri açacaq”.
F.Mustafa bildirib ki, 2020-ci il əks-hücum əməliyyatı üçün 27 sentyabr tarixinin seçilməsi Azərbaycanın illərdir hazırlaşdığı və torpaqların azad olunması yolunda səfərbər olan bir cəmiyyətin diqtəsi ilə baş verdi. Onun fikrincə, hər hansı planlaşdırılmış hadisə ilə bağlı bir tarix seçimi təsadüfi, yaxud da şərtlərin uyğun gəldiyi vaxtda da ola bilər. Əsas odur ki, 27 sentyabrda baş verən Vətən savaşı özünün nəticəsini verdi və biz torpaqları azad etdik:
“27 sentyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir səhifə oldu və biz 200 illik bir düyünün əsas hissəsini çözə bildik. Azərbaycanın əks-hücum qərarı haqq, ədalət üzərində qurulmuşdu. Bu da ondan ibarət idi ki, ərazilərimizin azad olunması üçün BMT-nin icra edilməmiş qətnamələri var idi. Bu qətnamələr yerinə yetirilmədiyinə görə problemlər yaşayırdıq. İndi artıq bu qətnamələri icra etdik. Buna görə də beynəlxalq təşkilatların bu məsələdə bizə hər hansı iradı olmadı. Söhbət Azərbaycanın ərazi bütövlüyündən gedir. Ərazi bütövlüyü məsələsi bizim üçün qırmızı xətdir və bu xətti də kimsə bizə irad kimi gösətər bilməz. Nəticədə bu problemləri həll edərək, son nöqtəni qoymalıyıq. Bu gün artıq o prosesin yekunlarını tamamlamaqdayıq. Çalışmalıyıq ki, bunu da uğurla başa çatdıraq”.
F.Mustafa 27 sentyabrın Azərbaycan insanına, həm də bir həyat təcrübəsi, döyüş təcrübəsi verdiyini qeyd edir:
“İndi o təcrübədən yararlanaraq daha böyük addımlar atmağı düşünürük. Əminəm, qısa müddətdə bu addımları atıb uğurla yekunlaşdıracağıq. Azərbaycan Dövləti, Azərbaycan Ordusu özünün yarımçıq qalmış işini tamamlayacaq”.
Deputat qeyd edir ki, 44 günük savaşdan sonra Azərbaycan, Ermənistan və Rusiyanın birgə imzaladığı üçtərəfli sazişin müddəalarını yerinə yetirməklə, qarşı tərəfi öhdəliklərini icra etməyə dəvət edib. Ermənistan öz revanşist, terror siyasətindən, təxribatlarından əl çəkmədikcə, Azərbaycan bu dəfə də üçtərəfli sazişin müddəalarını yerinə yetirir və bunun üçün addımlar atılır.
F.Mustafa bu istiqamətdə başlanan işlərin uğurla nəticələnəcəyinə əminlik ifadə edib:
“Qələbəni 27 sentyabrda, əsasən, təmin etdik, indi isə son qələbəyə qədər mübarizəmiz davam etməlidir ki, bölgəni abadlaşdırmaqla yanaşı, həm də terrordan azad edə bilək. Biz bu prosesləri tarixin sonrakı dövrlərinə saxlaya bilmərik”.
Hüquqşünas, siyasi ekspert Vüqar Dadaşov bildirir ki, Vətən müharibəsində Azərbaycanın Ermənistan və onun havadarları üzərində möhtəşəm tarixi zəfəri Azərbaycan xalqınım susadığı və həsrətlə gözlədiyi savaş idi:
“Ona görə də Azərbaycan xalqı həsrətində olduğu bu müharibəni sevinclə qarşıladı və dünyanın yeganə xalqı olaraq müharibəni öz şəxsi mübarizəsi hesab etdi. Odur ki, müharibə faktiki ölüm, qan, faciə olsa da Azərbaycan xalqı özünü təsdiq etmək üçün ölümün üzərinə gedib zəfər qazandı. Azərbaycanın apardığı bu müharibədə özünü hərb elminin özəyi, dünya gücü hesab edənlərə dərs verdi, XXI-ci əsr müharibə formulunu yaşayaraq dünyaya ilk nümunə göstərdi”.
Ekspert hesab edir ki, müharibənin 27 sentyabrda başlaması əlverişli geosiyasi vəziyətin yetişmə tarixidir və əlbəttə ki, Azərbaycan polittexnoloji konbinasiyaları ilə nəticə olaraq 27 sentyabrda müharibənin başlanma şəraitini özü yaratdı.
V.Dadaşov müharibə dövründə Azərbaycana qarşı dünya ermənipərəst qüvvələrinin hərəkətə keçməsinin nəticəsiz qalması məqamına diqqət çəkib:
“Əlbəttə ki, Azərbaycan bütün mümkün təzyiqləri əvvəlcədən hesablayıb onları əhəmiyyətli dərəcədə zərərsizləşdirə bildiyindən düşmən Azərbaycandan istədiyini ala bilmədi. BMT TŞ-yə, hətta Azərbaycan əleyhinə çıxarılacaq qətnaməni Böyük Britaniya tərəfindən bloklanması da sözsüz ki, qabaqcadan ən son variant kimi mövcud idi. İran, Fransa, Rusiya kimi ölkələr mümkün dərəcədə Azərbaycana zərbə vurmağa çalışsa da, uğursuzluğa məruz qaldı. Azərbaycan Prezidenti Ali Baş Komandanın uyğun vaxtında müharibə əmri verməsi qələbənin yarısına bərabər amildir.
Müharibədən sonra Laçın dəhlizinin nəzarətə götürülməsi və “koridor” anlayışının məhvi sərhədlərimizin tam olaraq qapadılması 3 illik müddətin ən mühüm siyasi nəticəsidir”.
Ekspert Vətən müharibəsinin ildönümü ərəfəsində sentyabr ayının 19-da Azərbaycanın lokal antiterror tədbirlərinə başlamasını da 27 sentyabr müharibəsinin son mərhələsi adlandırır:
“Azərbaycan antiterror tədbirlərini dayandırmaq üçün şərtlərini açıqlayıb, qısası, separatçı rejim təslim olmalı, özünü buraxmalıdır. Sözsüz ki, Azərbaycan niyyətinə qısa müddətdə nail olacaq. Azərbaycanın başladığı antiterror tədbirləri Ermənistanda Paşinyan hakimiyyətinə çox böyük təhlükə yarada bilər, hansı ki, Rusiya buna olduqca maraqlıdır. Əgər Paşinyanı xalqın özü devirırsə, rusiyayönümlü liderin hakimiyətə gəlməsi mümkün deyil, əksinə, millətçi, yaxud qərbyönümlü lider hakimiyyətə gələ bilər. Yox, əgər Rusiya Paşinyanın devrilməsini özü həyata keçirərsə, onda mümkündür ki, rusiyayönümlü lider hakimiyyətə gətirilsin.
Azərbaycanın başladığı lokal antiterror tədbirləri nəinki Qarabağda separatçı rejimi məhv edir, Ermənistanın bir dövlət olaraq fiziki məhvi ehtimalını artırır, Paşinyan hakimiyyətinin taleyini müəyyən edir. Bu əməliyyatın Cənubi Qafqazda ən vacib siyasi nəticələr yaradacağı şübhəsizdir”.