3 əsir qaytarıldı - Ermənistandan nə tələb olunmalıdır?

13:32 06.05.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Üç erməni əsirin Ermənistana verilməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Azərbaycan Prezidentinin növbəti humanist addımı kimi şərh edilən bu faktın qarşılığında erməni tərəfinin Azərbaycana hansı reaksiyanı verəcəyi maraqlıdır. Ermənistan Azərbaycanın növbəti humanistliyi qarşılığında öz düşmənçiliyinə son qoyub minaladığı sahələrin xəritələrini və Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlının haqqında hər hansı bir məlumatı bizə verəcəkmi?

Məsələ ətrafında “Həftə içi”nə açıqlama verən hüquq müdafiəçiləri əsas məqama aydınlıq gətiriblər.

Novella Cəfəroğlu, hüquq müdafiəçisi

Azərbaycan nə qədər humanist addım atsa da, ermənilər öz  absurd iddialarıından əl çəkmirlər. Ermənilər yerli və dünya media seqmentlərində Azərbaycan ərazilərinin onlara aid olduğunu və “dənizdən dənizə” iddialarını bu gün də irəli sürür. Bu gün ermənilər Prezidentin Zəngəzur dəhlizinin açılması və ora qayıdacağımızla bağlı çıxışını çox narahatlıqla qabardırlar. Biz belə bir məqamda Azərbaycan cəmiyyəti olaraq həssas olmalıyıq. Bu gün hərbi yolla torpaqlarımızı işğaldan azad etmişik.

Biz 60 erməni diversantını heç bir halda hərbi əsir kimi geri qaytara bilmərik

 

Amma düşmən düşməndir və öz reavanşist, faşist iddialarından əl çəkmir. Biz həmişə sülh istəmişik. Amma hərbə həmişə hazır olmalıyıq. Çünki bunlardan nə desən gözləyirəm. Biz humanist addımlarımızın qarşılığını almalıyıq. Ermənilər minalı ərazilərin xəritəsini və itkin düşmüş əsgərlərin haqqında bizə məlumat verməli, əsirlərimizi qaytarmalıdırlar. Güc dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanı buna məcbur etməlidir. Biz QHT-lər olaraq bu tələbi qarşı tərəfin, beynəlxalq təşkilatlar qarşısında qaldırırıq.  Ermənilər imza atdıqları bəyanata uyğun addımlar atmalıdırlar. Biz 60 erməni diversantını heç bir halda hərbi əsir kimi geri qaytara bilmərik. Öz düşmənlərimizi tanımalıyıq. Fransa və digər ermənipərəst dövlətlər bizə qarşı təzyirlər edir. Soruşmaq lazımdır ki, erməni raketləri Bərdədə, Tərtərdə, Gəncədə dinc əhaliyə bomba atanda harda idi sizin ədalət hissiniz?! Beynəlxalq təşkilatlar bizə qarşı qərəzli mövqedə dayanırlar. Biz bir olub Azərbaycana çıxan qüvvələri tərksilah etməliyik.

Çingiz Qənizadə, hüquq müdafiəçisi

3 nəfər erməni əsirin qaytarılması böyük siyasi proseslərin içərisində çox kiçik bir məqamdır. Bu, cənab Prezidentin qərarıdırsa, yəqin çox dəqiqliyi ilə ölçülüb-biçilib. Verilən açıqlamalara görə həmin əsirlər hərbi, mülki vətəndaşlara hər hansı zərər yetirməyiblər. Xatırlayırsınızsa, suriyalı snayperçi qadının da xahişlər nəticəsində cənab Prezident tərəfindən azad olunması qərarı qəbul olunmuşdu və bu da müsbət dəyərləndirildi.

Minalanmış sahələrin xəritələri ermənilərdə olmaya da bilər

Ona görə də üç nəfər əsirin qaytarılmasının Azərbaycana qarşı təzyiq kimi dəyərləndirilməsini doğru saymıram. Prezident özü müharibə dövründə dedi ki, o, nəyi və necə etməyi yaxşı bilir.  Əgər deyildiyi kimi bu adamların bizim hərbi və mülkü vətəndaşlarımıza qarşı hər hansı qanunsuz hərəkətləri müəyyən olunmayıbsa, onların azad olunması mümkün ola bilər. 60 diversantın azad olunması və Avropanın da  hərbi əsir kimi dəyərləndirdiyi cinayətkarlar və təxribatçı qrupların üzvlərinin taleyi ilə bağlı məsələ yenə də Azərbaycan tərəfinin inadı qalır və onlar qanun qarşısında cavab verməlidir. Gələcəkdə cənab Prezident məhkəmə qərarından sonra da onları azad edə bilər. Təbii ki, müəyyən şərtlər qarşılığında.   Prezidentin əfv etmək hüququ var. Bizim üçün önəmli məsələlərdən biri odur ki, mayın 9-da rus sülhməramlıları parad keçirəcəkmi, Xankəndidən ermənilərin köçürülməsi həqiqətənmi baş verir. Belə hesab edirəm ki, prezidentin apardığı ardıcıl, qətiyyətli siyasətin arasında belə güzəştlərin olması əslində Azərbaycanın maraqlarına xidmət edən bir məqamdır. Ermənistanın Azərbaycanın humanist addımına adekvat cavab verərək, minalanmış ərazilərin xəritələrinin verilməsi, itkin düşmüş, girov götürülmüş azərbaycanlılar haqqında artıq cənab prezident üçüncü dövlət olan Rusiya vasitəsilə sorğular verib. Ermənistan minalanmış ərazilərin xəritələrinin verilməməsini guya əsir adlanan 60 diversantın geri qaytarılmaması ilə əlaqələndirib. Amma minalanmış sahələrin xəritələri onlarda olmaya da bilər. Çünki 30 il müddətində o minalar kortəbii şəkildə basdırılıb. Hesab edirəm ki, bizim maraqlarımıza xidmət edən bu məsələnin reallaşması üçün dövlət tərəfindən addımlar atılır.

Səidə Qocamanlı, hüquq müdafiəçisi

Ermənistan  Azərbaycan Prezidentinin atdığı bu humanist addıma görə ona təşəkkür etməlidir. Bu bir daha onu göstərir ki, Azərbaycan həmişə humanizm tərəfdarı, insanpərvər olub. Buna görə Azərbaycan dövlətinə, dövlət başçısına minnətdar olmalıdırlar.

Münaqişə dövründə onlara əsir düşən qadınlar, uşaqlar, qocalar haqqında xəbər yoxdur

Təəssüf ki, onlar bunu anlamırlar və anlamayacaqlar. Gördüyünüz kimi, qələbədən neçə vaxt keçsə də, minalanmış sahələrin xəritələri verilmir. Buna görə də bizim mülki insanlar, hərbçilərimiz həyatlarını itirirlər. Eyni zamanda münaqişə dövründə onlara əsir düşən qadınlar, uşaqlar, qocalar haqqında xəbər yoxdur. Amma bu yöndə iş gedir və gedəcək. Təbii ki, bu məsələləri ictimailəşdirmirlər. Bunlar çox incə nüanslara toxunan məqamlardır. İnanıram ki, bu məsələlər həll olunacaq. Sadəcə unutmamalıyıq ki, düşmən çox məkirlidir və buna görə də daim hazırlıqlı olmalıyıq.

 

Oxunma sayı 969