36 min illik Şulgan-Taş mağarası UNESCO-nun siyahısında

08:45 21.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

UNESCO-nun Ümumdünya İrs Komitəsinin Parisdə keçirilən 47-ci iclasında Başqırdıstandakı Şulgan-Taş mağarası rəsmən Ümumdünya İrs Saytı elan edilib. Paleolit dövrünə aid qayaüstü rəsmləri ilə tanınan mağarada türk tarixinin ən qədim sənət nümunələrindən bəziləri var. Mütəxəssislər təbii piqmentlərlə yaradılmış at, mamont, insan fiqurları və daxma təsvirlərinin unikal tarixi və mədəni dəyərə malik olması ilə razılaşırlar.

Hafta.az-ın “Business FM”ə istinadən yazdığına görə, Başqırd hakimiyyəti bu statusa nail olmaq üçün geniş qoruma addımları atıb: mağaranın ətrafında muzey kompleksi tikilib, həssas ərazilərdə uzaqdan izləmə sistemləri quraşdırılıb.

Şulgan-Taş Burzyan bölgəsində, paytaxt Ufadan altı saatlıq məsafədə yerləşir. Qayaüstü rəsmlərin nüsxələri mağaranın aşağı səviyyəsində nümayiş etdirildiyi halda, faktiki rəsmlərin olduğu yuxarı mərtəbə ciddi təhlükəsizlik və iqlim nəzarəti altındadır. Yalnız məhdud sayda insan xüsusi icazə ilə və qoruyucu geyimlə mağaraya buraxılır. Şulgan-Taş mağarasının ətrafında qurulan interaktiv muzey kompleksi ziyarətçiləri təkcə onun tarixi irsi ilə deyil, həm də bölgənin unikal mədəni həyatı ilə tanış edir. Xüsusilə ənənəvi arıçılıq bölmələri həm Rusiyadan, həm də Avropadan turistləri cəlb edir. Portalın məlumatına görə, rayon təbiət turizmi ilə mədəni kəşfiyyatı birləşdirən nadir yerlərdən biridir.

Mağaranın da daxil olduğu tarixi və mədəni məkanı ziyarət etmək istəyənlər üçün qrup turları təşkil edilir. Girişhaqqı 500 rubl təşkil edir və tur 45 dəqiqə ilə 1,5 saat arasında davam edir. Ziyarətçilər həmçinin ənənəvi oxçuluq və ya təbii piqmentlərin (ohra) istehsalı kimi təcrübə seminarlarında iştirak edə bilərlər.