Kukla Teatrı 94-cü mövsümə yekun vurub

19:33 17.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 94-cü teatr mövsümünün yekunlarına həsr olunmuş geniştərkibli kollektiv iclas keçirilib.

Bu barədə hafta.az-a teatrdan məlumat verilib.

İclasda teatrın direktoru Rəşad Əhmədzadə bildirib ki, Azərbaycan Dövlət Kukla Teatrının 94-cü teatr mövsümü yaradıcılıq, inkişaf, beynəlxalq əməkdaşlıq və sosial fəaliyyət baxımından olduqca məhsuldar bir il kimi yadda qalacaq.

Direktor qeyd edib ki, 95 illik zəngin tarixə malik teatr yubiley mövsümünə uğurlu nəticələrlə qədəm qoyur. Onun sözlərinə görə, cari mövsümdə repertuar yeddi yeni səhnə əsəri ilə zənginləşib və onların hər biri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Rəşad Əhmədzadə bildirib ki, mövsüm ərzində Anar Məmmədovun quruluşunda "İnnab ağacı" tamaşası səhnəyə qoyulub. Görkəmli kukla ustası, sevilən aktyor Rəhman Rəhmanovun səhnə fəaliyyətinin yubileyinə həsr olunmuş "Aybolit" benefis tamaşası da teatrsevərlərin böyük marağına səbəb olub.

Direktor diqqətə çatdırıb ki, S.S.Axundovun eyniadlı əsəri əsasında Səidə Haqverdiyevanın quruluş verdiyi "Qaraca qız" tamaşası mövsümün uğurlu premyeralarından biri kimi yadda qalıb və repertuarın sevilən nümunələrindən birinə çevrilib.

Onun sözlərinə görə, ənənəyə uyğun olaraq ilin sonunda Anar Məmmədovun quruluşunda "Qış nağılı" tamaşası təqdim olunub. Azərbaycan xalq nağılı əsasında hazırlanan "Şəngülüm, Məngülüm" tamaşası mövsümün maraqlı səhnə işlərindən biri olub. Rejissor Müşfiq Əliyevin quruluş verdiyi "Quyruqsuz dovşan" tamaşası isə mövsümün ən uğurlu premyeraları sırasında xüsusi yer tutub.

Rəşad Əhmədzadə vurğulayıb ki, teatrın rus bölməsi də mövsüm ərzində fəal yaradıcılıq fəaliyyəti ilə seçilib. Əhəd Hacıyevin quruluşunda hazırlanan "Aldanmış canavar" tamaşası rusdilli tamaşaçıların ixtiyarına verilib.

Direktor məmnunluqla qeyd edib ki, teatr il ərzində nəzərdə tutulmuş bütün plan və plandankənar öhdəliklərini tam həcmdə yerinə yetirib.

Maliyyə göstəricilərinə toxunan Rəşad Əhmədzadə bildirib ki, repertuar siyasətinin uğuru kassadakı nəticələrdə də öz əksini tapıb. Onun sözlərinə görə, mövsüm ərzində ən yüksək gəlir əldə edən tamaşa "Dovşanın ad günü" olub və 10 min manatdan artıq gəlir gətirib. Sonrakı yerlərdə 8 min manatdan çox gəlirlə "Üç donuz balası", "Qaraca qız" və "Düyməcik", 7 min manatdan artıq gəlirlə isə "Ağca və yeddi cırtdan" və "Qızıl balıq" tamaşaları qərarlaşıb.

O əlavə edib ki, illik maliyyə hesabatları və plan göstəriciləri mühasibatlıq tərəfindən dəqiq rəqəmlərlə təqdim olunur və iclasda səsləndirilən göstəricilər ümumi statistik mənzərəni əks etdirən məlumatlardır.

Onun sözlərinə görə, yalnız son altı ay ərzində teatr 333 tamaşa nümayiş etdirərək 26 mindən çox tamaşaçıya xidmət göstərib. Bu göstərici teatrın repertuarına və ümumilikdə fəaliyyətinə tamaşaçı marağının artdığını göstərir.

Beynəlxalq əlaqələrdən danışan Rəşad Əhmədzadə qeyd edib ki, teatr "NOMAD PUPPET" I Beynəlxalq Kukla Teatrları Festivalında Azərbaycanı uğurla təmsil edib və beynəlxalq yaradıcılıq əlaqələrinin inkişafına töhfə verib. Qastrol fəaliyyəti də mövsüm ərzində uğurla davam etdirilib. Lənkəran, Qobustan və Pirallahıda təşkil olunan səfərlər çərçivəsində bölgə tamaşaçılarına uğurlu tamaşalar təqdim olunub.

Sosial məsuliyyət istiqamətində görülən işlərdən danışan teatr rəhbəri qeyd edib ki, YAŞAT Fondu və “Nargis” Fondunun dəstəyi ilə müxtəlif sosial layihələr həyata keçirilib, paytaxtda fəaliyyət göstərən sığınacaqlarda xeyriyyə tamaşaları nümayiş etdirilib, Uşaq Onkologiya Mərkəzində müalicə alan uşaqlar üçün xüsusi proqram hazırlanıb.

Çıxış zamanı o, mövsümün ən qürurverici hadisələrindən birinin teatr əməkdaşlarının dövlət tərəfindən yüksək qiymətləndirilməsi olduğunu diqqətə çatdırıb.

Direktor çıxışında bildirib ki, artıq 95-ci – yubiley teatr mövsümünə hazırlıq işləri davam edir. Hazırda Anar Məmmədovun quruluşunda "Balaca səyyah" və Səidə Haqverdiyevanın quruluşunda "Turac və sehrli daraq" tamaşalarının məşqləri aparılır.

Sonda Rəşad Əhmədzadə vurğulayıb ki, 94-cü teatr mövsümündə əldə olunan uğurlar teatrın yaradıcı və texniki heyətinin, səhnəarxasında çalışan əməkdaşların peşəkarlığının və fədakar əməyinin nəticəsidir. O bildirib ki, qarşıdan gələn 95-ci yubiley mövsümündə də teatr yeni tamaşalar, beynəlxalq layihələr və sosial təşəbbüslərlə tamaşaçılarını sevindirməyə davam edəcək.

Çıxışın ardından 94-cü teatr mövsümünün yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə fərqlənən əməkdaşların təltifetmə mərasimi keçirilib.