Rusiya mətbuatı Qərbdə 40 ildir müəmmalı olaraq qalan Rusiyadan gələn radio siqnalının sirrinin hələ də açılmadığını gündəmə gətirib.
Hafta.az-ın yazdığına görə, yadplanetlilərə siqnal göndərdiyi iddiası da daxil olmaqla, haqqında bir çox nəzəriyyə irəli sürülmüş radio siqnalı UVB-76, MDZhB, “The Buzzer” kimi fərqli adlarla adlandırılıb.
1982-ci ildən alimlər, kəşfiyyatçılar və həvəskarlar tərəfindən araşdırılan UVB-76 stansiyası əvvəlcə Moskva yaxınlığında hesab olunurdu. 2010-cu ildə bir günlük sükutdan sonra yenə eyni siqnal bu dəfə Pskov və ya Leninqrad əyalətlərində eşidildi.
Son 40 ildə sönük, monoton bir səs həftənin yeddi günü, günün 24 saatı yayımlanır. Bir neçə saniyədən bir bu səsə xəyal gəmisinin duman səsi kimi ikinci bir səs qoşulur və ilkin vızıltı daha sonra davam edir.
Həftədə bir-iki dəfə kişi və ya qadın səsi rus dilində “aqronom”, “rezin qayıq” kimi sözlər deyir.
Dünyanın istənilən yerində radiosunu 4625 kHz tezliyinə kökləyən hər kəs bu yayımı dinləyə bilər.