“Sürətli və Qəzəbli”nin (“Fast & Furious”) ulduzu Vin Dizel 2013-cü ildə dünyasını dəyişən aktyor Pol Uokerin qardaşı Kodi Uokerin təşkil etdiyi Fuel Fest adlı avtomobil festivalına qatılıb və pərəstişkarlarına seriyanın 11-ci filmi haqqında bəzi ipuçları verib.
Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, Dizel çıxışına filmin yayım tarixi ilə bağlı gözləntiləri bölüşməklə başlayıb: "Dünən Universal Studios-da idim. Studiya məndən "Vin, 2027-ci ilin aprelində “Fast & Furious” finalını buraxa bilərikmi?" soruşdu və mən “Üç şərtlə! Çünki azarkeşlərimi dinləyirəm” dedim”. Daha sonra Dizel həmin üç şərti sadalayıb: "Birinci şərt serialı Los-Ancelesə, ikincisi isə avtomobil mədəniyyətinə və küçə yarışlarına qayıtmaq, üçüncü də, Dom və Brayan O'Konneri yenidən bir araya gətirməli idi. Finalda da məhz bunu görəcəksiniz".
Pol Uoker 2013-cü il noyabrın 30-da Kaliforniyanın Valensiya şəhərində avtomobil qəzasında həlak olub. 40 yaşlı aktyor həmin vaxt “Sürətli və Qəzəbli 7” filmində Brayan rolunu oynayırdı. Bununla belə, komanda filmin finalında Uoker obrazı ilə vidalaşmağın yolunu tapıb: personaj Dom və Brayan avtomobillərini əks istiqamətdə sürdüyü bir səhnə ilə yola salınıb. CGI və vizual effektlər (VFX) sənətçiləri bu səhnə üçün Pol Uokerin qardaşları Kodi və Kaleb Uokerlə birlikdə çalışıblar. Filmdə ümumilikdə 350 xüsusi effektli səhnə olub.
Seriyanın sonuncu filmi “Sürətli və Qəzəbli 10” 2023-cü ilin may ayında nümayiş olunub. Film 340 milyon dollarlıq böyük istehsal büdcəsi qarşısında dünya üzrə 700 milyon dollardan çox gəlir əldə edib. Dizeli Alan Riçson, Ceyson Momoa, Mişel Rodriqes, Rita Moreno və Bri Larson müşayiət edib. “Sürətli və Qəzəbli 10” iki hissəli dastanın ilk hissəsi kimi təqdim olunub.
“Sürətli və Qəzəbli” serialı dünya üzrə kassada 7,2 milyard dollar gəlir əldə edib.