Bu gün – aprelin 8-də dünyada Beynəlxalq Qaraçı Günü qeyd olunur. Amma bu onların xoş gününü deyil, kütləvi qırğınını – soyqırımını yeni nəsillərə xatırlatmaq üçündür.
Hafta.az-ın yazdığına görə, 1933-1945-ci illər arasında Avropada yaşayan qaraçılar və sintilər nasistlər tərəfindən təqib olunub. Uzun müddətdir mövcud qərəzlərə əsaslanan nasist rejimi qaraçılara “asosial” (“normal” cəmiyyətdən kənar) və irqi “aşağılar” kimi baxırdı. İkinci Dünya Müharibəsi zamanı nasistlər və onların işbirlikçiləri Almaniyanın işğal etdiyi Avropada yüz minlərlə qaraçı kişi, qadın və uşağı öldürüblər.

Qaraçıların kütləvi qətli 31 iyul - 2 avqust 1944-cü ildə almanların Auşvits-Birkenauda Ziqunerlagerin (“Qaracalar düşərgəsi”) ləğvinə başladığı zaman pik həddə çatıb. Bu tək əməliyyatda təxminən 3 min qaraçı öldürülüb.
Qaraçılar üçün soyqırımdan əvvəlki əhali rəqəmlərinin etibarsızlığı həlak olanların sayını və faizini təxmin etməyi çətinləşdirir. Buna baxmayaraq elmi hesablamalara əsasən öldürülmüş qaraçıların sayının 300 minlə 500 min arasında dəyişdiyi güman olunur.
Bəzən “Unudulmuş Holokost” kimi tanınan qaraçı soyqırımı müharibə bitdikdən sonra onilliklər ərzində İkinci Dünya Müharibəsi tarixindən çıxarılıb. Nürnberq məhkəməsində qaraçı şahidlər yox idi. 1950-ci ildə bərpa iddialarına baxan alman hakimlərə Vürtemburq Daxili İşlər Nazirliyi “Qaraçılar Milli Sosialist rejimində hər hansı irqi səbəbə görə deyil, sosial və kriminal keçmişlərinə görə təqib olunurdular” demişdi.

1970-ci illərdən bəri fəallar və tədqiqatçılar soyqırımın qaraçıların hüquqları uğrunda daha geniş hərəkatın bir hissəsi kimi tanınması üçün mübarizə aparırlar. İkinci Dünya Müharibəsi zamanı qaraçılara qarşı cinayətlər 1982-ci ildə Almaniya hakimiyyəti tərəfindən rəsmən tanınıb. Bundan 30 il sonra, 2012-ci ildə kansler Angela Merkel Berlində qaraçıların soyqırımına həsr olunmuş abidənin açılışını edib.
Bu gün Macarıstan, Polşa, Slovakiya, Ukrayna və Xorvatiya avqustun 2-ni qaraçı və sinti soyqırımlarının anım günü kimi qeyd edir. 2015-ci il aprelin 15-də Avropa Parlamenti İkinci Dünya Müharibəsində qaraçı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün avqustun 2-nin Avropa Qaraçı Holokostunu Anma Günü kimi tanınmasını tələb edən oxşar qətnamə qəbul edib.

Cinayətin tanınmaması Avropada qaraçılara qarşı uzun müddət davam edən ayrı-seçkiliyi əks etdirir. Qaraçılara qarşı keçmiş rəftarı lazımınca etiraf etmək təkcə ölənlərin ədaləti və ləyaqəti üçün deyil, həm də davam edən anti-qaraçı çıxış və davranışlarla üzləşmək üçün çox vacibdir.
Bu gün seçilmiş məmurların və medianın anti-qaraçı diskursları davam edir və Avropada 1930-1940-cı illərdəki diskursla bir çox oxşarlıqlar daşıyır. Avropanın əksər yerlərində antisemitizm ictimaiyyət tərəfindən qəbuledilməz olsa da, eyni şey qaraçı əleyhinə diskurs üçün keçərli deyil.
Xatirə həmçinin soyqırım zamanı, xüsusən 1944-cü il mayın 16-da, qaraçıların Osvensimdə baş verən bir neçə üsyandan birini başlatdığı zaman onların müqavimətinin tanınmasını da əhatə edir. Daş və alətlərlə bütün çətinliklərə qarşı mübarizə apararaq, kazarmada barrikada qurdular və bir neçə ay ərzində qaçılmaz məhvin qarşısını ala bildilər.

Son illər qaraçıların soyqırımı ilə bağlı məlumatlılıq artıb. Məsələn, Çexiyanın Leti şəhərində qaraçı fəallar Çexiya hakimiyyətinə onilliklər ərzində İkinci Dünya Müharibəsi dövründə qaraçıların məcburi əmək düşərgəsinin yerində dayanan donuz fermasını yığışdırmağa nail oldular. Lakin Avropada çoxsaylı qətl yerləri hələ də tanınmalı və xatırlanmalıdır.
Xüsusilə soyqırımın təsirinə məruz qalan ölkələrdə məktəb tarix kitablarında qaraçıların soyqırımına istinad edilməlidir. Birləşmiş Millətlər Təşkilatı da daha çox şey edə bilər: BMT-də qaraçıların soyqırımı ilə bağlı yalnız bir neçə məruzəçi çıxış edib. Ən son rəsmi Holokost anma mərasiminə BMT heç bir qaraçı məruzəçini dəvət edə bilməyib.