İki türk dövlətini daha da yaxınlaşdıran səfər - Təhlil

11:59 23.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana ikigünlük səfəri davam edir. Qlobal hərbi, siyasi və iqtisadi böhranların kəskinləşdiyi bir vaxtda iki qardaş dövlət arasında ən yüksək səviyyədə səfərin təşkili, əlbəttə, çox sayda yeni sazişlərin imzalanması və ən əsası, iki dövlət arasında yaxın gələcəkdə iri layihələrin icra edilməsi, bütövlükdə türk dünyasının daha sıx birləşməsinə və bütünləşməsinə təkan verəcək öhdəliklərə imza atılması baxımından səfər böyük əhəməyyətə malikdir. Elə bu səbəbdəndir ki, Azərbaycan və Özbəkistan prezidentləri bu səfəri tarixi səfər kimi xarakterizə ediblər.

Əslində, türk soyundan olan Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi qardaşlıq əlaqələri mövcuddur. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyildir ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.

Dostluq əlaqələrinin daha bir göstəricisi isə, XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin məzarın hazırda Səmərqənddə yerləşməsidir. Eyni zamanda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarayı adından da göründüyü kimi, Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. Sadalanan bu faktlar iki xalq arasındakı əlaqələrin keçmişindən xəbər verir.

Çox maraqlıdır ki, prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri Ümummilli lider Heydər Əliyevin bu ölkəyə səfərinin 25 illiyinə təsadüf edir. Daşkənddə Heydər Əliyev meydanının açılışı, prezident Şavkat Mirziyoyevin Ulu öndər Heydər Əliyev barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının Ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir.

Bu yerdə qeyd edək ki, Heydər Əliyev özbək xalqına böyük hörmət və dərin sevgi ilə yanaşıb. 1970-ci illərdə də onun Şərəf Rəşidov, 1990-cı illərdə İslam Kərimovla dostluq münasibətləri olub ki, bu da Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin bugünkü inkişafının təməli olub.

Heydər Əliyev meydanının açılışı zamanı Özbəkistan prezidenti bildirib ki, XX əsrin böyük siyasətçisi olmuş Heydər Əliyevi hamı yaxşı tanıyır. “O, bütün həyatını doğma Azərbaycana həsr edib, ən ağır vaxtında dövlətin çətinliklərlə dolu məsuliyyət yükünü öz üzərinə götürüb, bütün sahələrdə genişmiqyaslı dəyişiklikləri uğurla həyata keçirib. O, həqiqətən müstəqil Azərbaycanın memarı idi. Onun zəngin rəhbərlik təcrübəsi gənc, müstəqil dövləti xilas edib. İyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilir. Məhz həmin gün Heydər Əliyev ölkə rəhbərliyinə qayıdıb və Azərbaycan Ali Sovetinin sədri seçilib”, – deyən Mrziyoyev əlavə edib ki, Heydər Əliyevi Azərbaycan xalqının tarixindən və həyatından ayırmaq olmaz.

Heydər Əliyevin vətənpərvər ruhlu şəxsiyyət olduğunu qeyd edən Özbəkistan prezidenti bildirib ki, Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olması idi. Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev tarixi ədaləti bərpa edərək bu arzunu uğurla həyata keçirdi.

Prezident İlham Əliyevin səfəri çərçivəsində iki ölkə arasında 20-dək, indiyədək ümumilikdə isə 135 sənəd imzalanıb. Bunlar Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir.İmzalanmış sənədlər nəyi nəzərdə tutur? Bunlar birbaşa prezidentlər arasında əlaqələrdən tutmuş xarici siyasət sahəsində əməkdaşlıq, hərbi və hərbi-texniki sahədə əlaqələrin gücləndirilməsi, nəqliyyat-logistika sahəsində birgə layihələrin icrası – bu, Özbəkistanın Azərbaycan ərazisindən küçməklə Avropa bazarlarına, Azərbaycanın isə Özbəkistan torpaqlarından keçməklə Çin və Uzaq Şərq ölkələri bazarlarına tranzit çıxışı əldə etməsi deməkdir, sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqini və sair nəzərdə tutur. Bir məsələni də unutmaq olmaz ki, Özbəkistanın Azərbaycanla Ermənistan arasında uzun illərdir davam edən münaqişədə birmənalı şəkildə Azərbaycanı dəstəkləyib, Ermənistana hər zaman soyuq münasibət bəsləyib və bunun bariz nəticəsidir ki, prezident Şavkat Mirziyoyev Qələbə münasibətilə Azərbaycan xalqını şəxsən təbrik edib.

Özbəkistanın münaqişə dövründə qeyd-şərtsiz Azərbaycanı müdafiə etməsinin nümunəsi olaraq prezident Mirziyoyevin dediklərini xatırlatmaq kifayətdir: “Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb. Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik. Bu qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha təbrik edirəm”...

Torpaqlarımız işğaldan azad edildikdən sonra da Özbəkistanın Azərbaycana birbaşa dəstəyi davam etməkdədir. Buna misal olaraq Füzulidə Özbəkistanın dövlət büdcəsinin maliyyəsi hesabına tikiləcək məktəb binasını göstərmək olar. Xatırladaq ki, Şavkat Mirziyoyev ötən ilin noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük bir məktəb binasının tikiləcəyini bildirib. Üç hektar ərazidə 960 yerlik məktəb binasının tikintisi üçün ərazi artıq müəyyənləşdirilib və ilkin işlərə başlanılıb. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun və qardaşlığın rəmzidir.

Məktəb binasından söz düşmüşkən, qardaş xalqlarımız arasında mədəni əlaqələrin tarixi qədim zamanlara uzanır və indiki müasir əlaqələr də həmin özül üzərində şaxələndirilərək inkişaf etdirilir. Günümüzdə Azərbaycanda Özbəkistanı, Özbəkistanda isə Azərbaycanı tanıtdıran bir çox tarixi-mədəni şəxsiyyətlərimiz var. Məsələn, Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin açılması, Azərbaycan paytaxtında küçələrdən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi xalqlarımız arasında qarşılıqlı marağın, tarixən mövcud olan qarşılıqlı hörmətin parlaq nümunəsidir.

Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr daha da inkişaf etmişdi. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 68 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.

1989-cu ilin iyununda baş vermiş Fərqanə hadisələri SSRİ rəhbərliyinin, ələxüsus da Mixail Qorbaçovun türk xalqlarına qarşı düşmənçiliyinin bariz nümunəsidir. Hadisələrin əsas səbəbkarı və təşkilaçısı kimi müxtəlif mənbələr tərəfindən SSRİ Dövlət Təhlükəsizlik Komitəsi göstərilib. 20 Yanvar və Sumqayıt hadisələrində də eyni dəsti-xətti görmək mümkündür.

Bu arada, ermənuilər yalnız Azərbayca xalqına qarşı terror əsdirməyib, onlar 100 il öncə özbəklər arasında da böyük qırğınlar törədiblər. Belə ki, 1918-ci ilin fevral ayında bolşeviklərin dəstəyi ilə “Daşnaksutun” partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırım törədilib. Cəmi üç gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin qətlə yetirilib. Ümumilikdə həmin hadisələr zamanı 35 minə yaxın özbək öldürülüb. Bu barədə məlumat dərc olunmuş «Улуғ Туркистон» qəzetində yazılırdı ki, Kokand qırğınlarında ermənilər xüsusilə fərqlənirdi...

Qeyd edək ki, hazırda çox sayda erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələr isə 2 oktyabr 1995-ci ildə yaradılıb. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin may ayında isə Özbəkistanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb.

Müstəqil Azərbaycanla Özbəkistan arasında əlaqələrin güclənməsi hər zaman dövlət rəhbərlərinin diqqətində olub. Müstəqilliyin ilk ill\ərindən ölkələrimiz arasında həyata keçirilən rəsmi səfərlər də məhz bu marağa xidmət edib. Məsələn, Özbəkistan prezidenti İslam Kərimovun 26-27 may 1996-cı ildə Azərbaycana ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər ərzində iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. Elə həmin ilin 21-22 oktyabr tarixində Azərbaycan prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. 18-19 iyun 1997-ci il tarixdə prezident Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Həmin vaxt 19 sənəd imzalanıb. Sözügedən sənədlərin imzalanması mərasimində çıxış edən prezident Heydər Əliyev qeyd edirdi: "Biz Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər yaransın və inkişaf edib, möhkəmlənsin".

Daha sonra - 23-24 mart 2004-cü il tarixində prezident İlham Əliyev Özbəkistanda rəsmi səfərdə olub. Səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Sözügedən sənəddə bildirilir ki, tərəflər siyasi əlaqələri və qarşılıqlı fəaliyyəti daha da inkişaf etdirəcək, strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirəcəklər. Habelə, öz ərazilərində təşkilatların, qrupların və ayrı-ayrı şəxslərin bir-birinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş fəaliyyətinin qadağan edilməsi və aradan qaldırılması üzrə tədbirlər görəcəklər. 2004-cü ildə imzalanmış bəyannamədə habelə ticarət-iqtisadi, elmi-texniki, humanitar sahədə əməkdaşlıq məsələləri də öz əksini tapıb.

Yeri gəlmişkən, Azərbaycan və Özbəkistan prezidentlərinin 2010-cu il sentyabrın 27-də Daşkənddə imzalanmış Birgə Bəyannaməsində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun olaraq, öncə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına riayət olunması və təmin edilməsi, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə həllinin zərurəti öz əksini tapıb. İkitərəfli münasibətlərin müxtəlif spektirlərini əhatə edən sözügedən bəyannamədə prezidentlər Azərbaycan - Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunu, xalqlarımızıın köklü maraqlarına cavab verən dostluq və strateji tərəfdaşlıq ruhuna tam həcmdə uyğun gəldiyini xüsusilə vurğulayıblar.

Onu da xatırladaq ki, Özbəkistan BMT Baş Assambleyasında 14 mart 2008-ci ildə səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnaməyə lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.

Ümumiyyətlə, Özbəkistan keçmiş münaqişədə hər zaman ölkəmizin ədalətli mövqeyini dəstəkləyib.

Sonda qeyd edək ki, bütövlükdə Azərbaycanla Mərkəzi Asiyanın türk dövlətləri arasında son vaxtlar əlaqələrin səviyyəsi sürətlə yüksəlməkdədir. Məsələn, Qırğızıstan prezidentinin aprel ayında Azərbaycana baş tutmuş səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə” imzalanmışdı. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin də yaxın vaxtlarda Azərbaycana səfəri nəzərdə tutulur və hər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Türkmənistan və Tacikistanla da son vaxtlar mütəmadi yazışmalar həyata keçirilir. Hətta Azərbaycan Prezidenti Türkmənistanın yeni seçilmiş Prezidentini Azərbaycana səfərə dəvət edib.

Oxunma sayı 656