İnflyasiya ilə bağlı rəsmi rəqəmlər reallığı əks etdirmir - Ekspert

15:35 20.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

İlin əvvəlindən bu günə kimi həm ərzaq məhsullarının, həm də yanacağın  qiymətində bahalaşma baş verib. Artıq bahalaşma özünü həyat fəaliyyətinin müxtəlif istiqamətlərində də biruzə verir. Bu da ağıllara bir sual gətirir. Görəsən növbəti ildən etibarən minimum əməkhaqqının və pensiya miqdarının artırılması nəzərdə tutulurmu? Yaranmış vəziyyət buna zərurətin olduğunu göstərsə hafta.az-a açıqlama verən iqtisadi ekpert Natiq Cəfərlinin sözlərinə görə, rəsmi rəqəmlər heç də eyni şeyi göstərmir:

“Azərbaycanda qanunvericiliyə görə hər ilin sonu minimum əməkhaqqı rəqəmlərinin indeksləşdirilməsi məsələsi var. Əvvəllər bunu rəsmi infilyasiyaya görə müəyyənləşdirirdilər. Açığı bu il hansı qərar veriləcək bilmirəm. Amma hazırda rəsmi infilyasiya rəqəmləri elə də yüksək deyil, bu rəqəmlər heç 5% təşkil etmir. Ona görə də fikrimcə, minimum əmək haqqı və pensiya miqdarı dəyişilsə belə yəqin ki bu rəqəm, 3-5 faizdən çox olmaz. Əslində Azərbaycanda ən çox mübahisə doğuran rəsmi statistika işsizlik və rəsmi inflyasiya ilə bağlıdır. Hər həftə marketlərdən bazarlıq edirik və ilin əvvəlində olan mövcud qiymətlərlə indiki arasında bəzən 30-40 faiz fərqlər müşahidə olnur. Deməli reallıq və rəsmi rəqəmlər arasında bir xeyli fərqlər var”.

Ekspertin fikrincə, bu hallarda prezidentin də müstəsna səlahiyyəti var, hansı ki, keçən illərdə olduğu kimi sərəncam ilə əməkhaqqılarının artırılmasını təmin edə bilər:

“Hələlik 2022-ci il üçün büdcənin ilkin parametrləri açıqlandı. Doğrusu orada pensiyaların və minimum əməkhaqqının artırılacağı ilə bağlı ilkin addımlar yoxdur. Xərclər hissəsinə baxsaq burada təəssüf ki, ciddi artım görünmür. Buna görə də indidən nə isə söyləmək çətindir. Yəqin ki prezidentin göstərişi və fərmanı ilə artım baş verə bilər. Lakin büdcə müzakirələri zaman gərək ictimai rəy də nəzərə alınsın. Parlament özü də büdcəyə əlavələr və dəyişikliklər edə bilər. Çox nadir hallarda bu səlahiyyətlərdən istifadə edilir”.

N.Cəfərli ölkəmizdə VÖEN-lə çalışan sahibkarların ödənişlərinin minimum əməkhaqqına görə hesablanması məsələsinin də əsas problemlərdən biri olduğunu vurğuladı. Onun fikrincə, bu məqam qanunvericilikdən çıxarılmalıdır:

“Çünki minimum əməkhaqqı artıqca sahibkarlıqla məşğul olan insanların Sosial Müdafiə Fonduna ödənişləri də artır. Bəzi adamlar var ki, fərdi sahibkarlıqla məşğul olur. Ayda 200 manat gəlir əldə edir və məcbur qalıb onun 60-70 manatını vergi kimi ödəyir. Ona görə də qanunvericilikdə minimum əməkhaqqı ilə bağlı Sosial Müdafiəyə ödəniş sistemi də ləğv edilməlidir”.

Oxunma sayı 33