İraqda əhalinin siyahıyaalınması üçün 130 min tabletə ehtiyac var

10:20 05.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

1997-ci ildə ölkədə keçirilən və İraq Kürd Regional Rəhbərliyinə (KRG) üç əyalət daxil edilməyən sonuncu siyahıyaalmada əhalinin etnik və dini xüsusiyyətlərini ortaya qoyan suallar daxil edilib.

Hafta.az-ın yazdığına görə, İraq hökuməti gələnilki siyahıyaalmaya etnik mənsubiyyət və məzhəblə bağlı sualları daxil etməmək qərarına gəlib, çünki bu, müxtəlif komponentlərdən ibarət cəmiyyətdə parçalanmaya səbəb ola bilər.

İraq Planlaşdırma Nazirliyinin sözçüsü Əbdüzzəhra əl-Hindavi verdiyi açıqlamada ilk dəfə elektron şəkildə keçirilməsi planlaşdırılan siyahıyaalmaya texniki hazırlıqlar, siyahıyaalmada soruşulacaq suallar, rəftarla bağlı qiymətləndirmələr edib.

Son əhalinin ümumi siyahıyaalınmasının 26 il əvvəl keçirildiyinə diqqət çəkən Hindavi, bəzi səbəblərdən uzun illərdir həyata keçirilə bilməyən siyahıyaalmanın rəsmi məlumatlara çatmaqda böyük çətinliklər yaratdığını bildirib.

Hindavi "Siyahıyaalma ölkədə ehtiyac duyulan məlumat bazaları ilə bağlı aktual rəqəmləri təqdim edəcək. Bu statistikanın olmaması bizim inkişaf planlarımıza mənfi təsir göstərir. Siyahıyaalmanın aparılmasında ciddilik var, hökumətin proqramında açıq şəkildə yer alıb" deyib.

Yeni siyahıyaalmanın gələn il noyabrın 20-də keçirilməsinə qərar verildiyini deyən Hindavi, prosesin 2 gün ərzində tamamlanacağını və həmin günlərin rəsmi tətil olacağını söyləyib.

Siyahıyaalmaya texniki hazırlıq işləri ilə bağlı məlumat verən nazirlik sözçüsü deyib: "Əhalinin sayılması elektron qaydada aparılacaq. Bunun üçün elektron planşetlərdən istifadə olunacaq. Bu siyahıyaalmaya hazırlıqda ən çətin bənddir. Çünki bizə təxminən 130 min tablet lazımdır. Bu cihazların istehsalı və ya İraqa gətirilməsi təxminən 5-6 ay çəkəcək. Beynəlxalq şirkətlərlə razılıq əldə etmək üçün lazımi komissiyalar yaradılıb. May ayında ümumi sınaq məqsədilə əhalinin siyahıyaalınmasını həyata keçirəcəyik. Bu test araşdırması ilə biz işçi qüvvəmizi, texniki, hüquqi və inzibati imkanlarımızı ölçmək istəyirik. Sınaq üçün bütün şəhər və kəndlərdən müəyyən bölgələri seçəcəyik. Təbii ki, real ümumi siyahıyaalma bütün şəhərləri əhatə edəcək və istisnasız olaraq bütün vətəndaşlarımız prosesdə iştirak edəcək”.

Siyahıyaalma zamanı prosesdə işləmək üçün 130 minə yaxın məmura ehtiyac olduğunu bildirən Hindavi, növbəti yay tətilində bu insanlara lazımi təlimlərin veriləcəyini bildirib.

Elektron şəkildə aparılacaq siyahıyaalmada vətəndaşlara təxminən 70 sualın veriləcəyini bildirən Hindavi, sual növləri ilə bağlı bunları qeyd edib: “Səhiyyə, təhsil, peşə və xidmət statusu ilə bağlı suallarla yanaşı, vətəndaşlara da sual veriləcək ki, yaşadıqları evlər öz mülkiyyətidir, yoxsa kirayədədirlər. Bu suallara məşğulluq, işsizlik, ailədə əlil və ya xroniki xəstəlikləri olan insanlar haqqında statistik məlumat əldə etməyi hədəfləyirik. Keçmiş siyahıyaalmalarda etnik və dini mənsubiyyətlə bağlı suallar var idi. Yeni siyahıyaalmada dini mənsubiyyətlə bağlı yalnız müsəlman və ya xristian variantı yer alır. Bu məsələ ilə bağlı etnik siyasi qruplara məlumat verilib və onların razılığı alınıb. Aparacağımız siyahıyaalmanın məqsədi tamamilə inkişaf yönümlüdür və bütün vətəndaşlarımızın həyatına toxunacaq, istər ərəb, istər kürd, istərsə də türkmən, hamının yaxşılığı üçündür”.

Hindavi, ümumi əhali siyahıyaalmasının qeyri-rəsmi nəticələrini 24 saat ərzində ictimaiyyətlə paylaşacaqlarını, ətraflı və yekun nəticələrin isə 2-3 ay ərzində açıqlanacağını bildirib.

İldə 1-1,2 milyon nəfər artan İraq əhalisinin ilin sonuna qədər 43 milyonu keçməsinin gözlənildiyini bildirən Hindavi, 2024-cü ilin sonuna qədər bu rəqəmin 44 milyonu keçə biləcəyini bildirib.

Oxunma sayı 266