İsrailin Qəzzaya hücumlarında 170 jurnalist həlak olub

09:35 21.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qəzza hökumətinin Media İdarəsi Qəzza zolağında İsrailin hücumları nəticəsində həlak olan jurnalistlərlə bağlı məlumat yayıb.

Hafta.az-ın yazdığına görə, İsrail ordusunun Qəzzada həyata keçirdiyi hücumlarda ən son jurnalist Həmzə Əbdürrəhman Murtecinin həyatını itirdiyi bildirilib. Bununla da 2023-cü il oktyabrın 7-dən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərin sayı 170-ə yüksəlib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında jurnalistləri hədəf alması pislənilib və buna görə İsrailin məsuliyyət daşıdığı vurğulanıb.

Mətbuatla bağlı beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda fələstinli jurnalistlərin öldürülməsini dayandırmaq üçün İsrailə qarşı çəkindirici sanksiyalar tətbiq edilməsi və törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə mühakimə olunması üçün hərəkətə keçməyə çağırıblar.

Fələstin mətbuatında yer alan xəbərə görə, İsrailin Qəzza şəhərinin qərbindəki Ər-Rimal rayonunda didərgin düşmüş mülki vətəndaşların sığındığı Mustafa Hafiz məktəbini hədəf alan hücumda fələstinli jurnalist Murteci həyatını itirib.

Qəzza hökumətinin Media Ofisi tərəfindən əvvəlki açıqlamada, İsrailin “Fələstinin səsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasına mane olmaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyü bildirilmişdi".

Media rubrikasından digər xəbərlər