ABŞ-a məhsul ixracımız artıb

21:49 03.08.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Regionda birbaşa xarici sərmayələr ən çox Azərbaycana yatırılıb

Azərbaycandan ABŞ-yə məhsul ixracı artıb. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Amerika Birləşmiş Ştatları (ABŞ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 184,1 milyon ABŞ dolları və ya 73 faiz artaraq 436,5 milyon ABŞ dollarını üstələyib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayında Azərbaycandan ABŞ-yə 164,4 milyon ABŞ dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin göstəricisindən 159,3 milyon ABŞ dolları və ya 31,8 dəfə çoxdur. ABŞ-dən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 24,8 milyon ABŞ dolları və ya 10,1 faiz artaraq 272 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində ABŞ ilə ticarətin payı 2 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,04 faiz bəndi çoxdur.

Bəs, görəsən, Azərbaycandan ABŞ-a məhsul ixracının artmasına səbəb nədir? Ümumiyyətlə, ABŞ Azərbaycandan daha çox nə alır?

Mövzunu qəzetimizə şərh edən iqtisadçı-alim Əli Əlirzayev deyib ki, Azərbaycan beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir: “Azərbaycan ABŞ-la da ticari-iqtisadi əlaqələrin inkişafında maraqlıdır və əməkdaşlığın genişləndirilməsi istiqamətində tərəflər mühüm addımlar atırlar. Regionda birbaşa xarici sərmayələr ən çox Azərbaycana yatırılıb. Azərbaycanın Dövlət Neft Fondu ABŞ-ın maliyyə təşkilatları və fondları ilə sıx əməkdaşlıq edərək qiymətli kağızlar və daşınmaz əmlak bazarına milyardla dollar sərmayə yatırıb. Eyni zamanda, Azərbaycanda 300-dən çox Amerika şirkəti qeydiyyatdan keçib. İqtisadi sahədə ölkələrimiz arasında bir sıra mühüm sənədlər imzalanıb. Hələ 1993-cü ildə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında ticarət münasibətləri haqqında saziş və Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında 1997-ci il müqaviləsi imzalanıb. Ona görə də iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ilbəil artır”.

Ekspert vurğulayıb ki, Azərbaycandan ABŞ-a əsas ixrac məhsulları xam neft və başqa yanacaq məhsulları tutur: “Digər ixrac olunan mallar isə təbii meyvə şirələri və mürəbbələr, xalça və toxuculuq malları, dərman və ətir hazırlamaq üçün bitkilər, şərab məmulatları, avadanlıqlar və mexaniki qurğular, kimya məhsulları və s. Azərbaycan isə ABŞ-dan ilk növbədə qiymətli metallar (qızıl, alüminium), mülki təyyarə, onun mühərrik və ehtiyat hissələri, yerüstü nəqliyyat vasitələri, avadanlıq və cihazlar, eyni zamanda onların ehtiyat hissələri, borular, çənlər və onlara aid hissələr idxal edir. Hesab edirəm, gələcəkdə də ikitərəfli əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edəcək və ölkələr arasında ticarət dövriyyəsinin həcmi daha da artacaq”.