Rusiyadan qaçan siyasi immiqrantlar ABŞ-da təcridxanalarda saxlanılır. Keçmiş prezident Co Baydenin vəzifədə olduğu 4 ilin böyük bir hissəsində ABŞ-da sığınacaq istəyən Rusiya vətəndaşlarının iddiaları ilə bağlı hüquqi proseslər davam edərkən ölkəyə buraxılıb.
Hafta.az-ın yazdığına görə, bununla belə, “The Guardian” qəzeti yazır ki, Rusiya və keçmiş Sovet ölkələrindən olan vətəndaşlar ötən ilin yayından ABŞ-a daxil olduqdan sonra saxlanılıb. Bəzi şəxslərin 1 ildən artıqdır ki, saxlanıldığı, uşaqların valideynlərindən ayrıldığı bildirilir.
Saxlanılan bəzi vətəndaşları təmsil edən vəkil Yuliya Nikolaev deyir: “Rusiyalı müştərilərim mənə deyirlər ki, “qaldıqları həbsxanadakı məhbusların 80 faizi ruslar, qalan 20 faizi isə müxtəlif millətlərdəndir. Yalnız ruslar və bir neçə digər keçmiş sovet ölkələsindən olanlar son dinləmələrə qədər həbsdə saxlanılır”.
Rusiyalı fəal Vladislav Krasnov 2022-ci ildə Rusiyadan qaçaraq ABŞ-a sığınıb. Krasnov 444 gün Luiziana ştatındakı təcridxanada saxlandığını bildirir. O deyir ki, təcridxanadan buraxılıb və sığınacaq məsələsinə baxmaq üçün məhkəmə iclasını gözləyir.
ABŞ-da yaşadıqlarından çox məyus olduğunu bildirən fəal deyir: “Bir təqibdən qaçarkən özümü başqa bir təqib altında tapdım”.
Bundan əlavə, Krasnov bu vəziyyətə diqqət çəkmədiklərinə görə Rusiya müxalifət liderlərindən qəzəbləndiyini deyir.
Rusiyadan və digər keçmiş sovet ölkələrindən saxlanılan 300-ə yaxın şəxs ötən ilin noyabrında məhkəməyə müraciət edərək, ayrı-seçkiliyə məruz qaldıqlarını və heç bir əsas olmadan həbs edildiyini bildiriblər. Fevralda federal məhkəmənin elan etdiyi qərarda iddia rədd edilib.
İddiaçılar arasında ötən ilin fevralında dünyasını dəyişən rusiyalı dissident Aleksey Navalninin komandasında könüllü kimi çalışmış fəal Polina Quseva da var idi. 2024-cü ilin iyul ayında ABŞ-a gəldiyini və saxlanılaraq Luizianadakı müəssisəyə göndərildiyini deyən Quseva, oradakı ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının “Rusların azad edilmədiyini açıq şəkildə söylədiklərini” deyib.