ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Ukraynada Britaniya və Fransa hərbçilərinin yerləşdirilə biləcəyi “nəzarət zonaları” yaradıla bilər.
Hafta.az-ın yazdığına görə, Kelloq "The Times" qəzetində dərc olunan müsahibəsində II Dünya Müharibəsindən sonrakı Berlini misal gətirərək deyib ki, Ukrayna da oxşar şəkildə bölünə bilər.
Trampın ilk dönəmində vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini də icra edən Kelloq bildirib ki, Britaniya və Fransa qoşunlarının nəzarət edilən ərazilərdə “təhlükəsizlik qüvvələri” kimi xidmət etməsi mümkündür.
Nümayəndə bildirib ki, bu bölmələr Dnepr çayının qərbində yerləşdirilə və qarşı sahildə Rusiya tərəfindən işğal olunmuş əraziləri Ukraynadan ayıraraq hərbisizləşdirilmiş zona yarada bilərlər. O, bu yolla müttəfiq əsgərlərlə rus qoşunları arasında toqquşmaların qarşısını almaq və mümkün atəşkəs pozuntularını daha asan izləmək mümkün olduğunu bildirib. Digər tərəfdən, nümayəndə əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin belə bir təklifi qəbul etməsi şübhəli görünür.
Kelloq, Trampla Ukrayna lideri Vladimir Zelenski arasında fevralda yaşanan gərginliyin mədən sazişi üzrə irəliləyişlə həll olunduğunu bildirib və əlavə edib ki, ABŞ rəsmiləri yaxın günlərdə “biznes razılaşmasını diplomatik razılaşmaya çevirəcəklər”.
Digər tərəfdən Kelloq, “The Times”ın “Ukrayna müharibədən sonrakı Berlin kimi bölünə bilər” başlığı ilə dərc etdiyi müsahibənin təhrif olunduğunu də iddia edib. O, Ukraynanın bölünməsindən deyil, atəşkəsdən sonra ölkənin “suverenliyini” dəstəkləmək üçün yaradılacaq qüvvədən danışdığını bildirib. O, həmçinin bildirib ki, mümkün ssenaridə Amerika qoşunları Ukraynaya yerləşdirilməyəcək.
Böyük Britaniya və Fransanın başçılıq etdiyi bir qrup Avropa ölkəsi Rusiya ilə Ukrayna arasında sülh sazişinin icrası üçün Ukraynaya qoşun yeritməyi planlaşdırır. “Associated Press” fevralda bildirmişdi ki, plan 2024-cü ilin dekabrında Zelenski ilə paylaşılıb.
Mart ayında Parisdə keçirilən Ukrayna sammitindən sonra danışan Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərilməsi ilə bağlı konsensusun olmadığını, lakin planın az sayda ölkə ilə həyata keçirilə biləcəyini deyib.