ABŞ Konqresinin üzvləri İsrailin Ukraynaya silah tədarükünü tələb edir

19:37 24.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsrailin "Haaretz" qəzeti Ukraynaya silah satışı ilə bağlı ABŞ prezidenti Co Baydenin İsrailə açıq təzyiq göstərməsə də, respublikaçı və demokrat senator və qanunvericilərin səsini ucaltdığına diqqət çəkib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi də bildirib ki, Ukraynanın tələblərinə necə cavab veriləcəyi İsrailin öz qərarıdır. Kirbi vurğulayıb ki, ABŞ Müdafiə Nazirliyi nəyin mümkün olub, nəyin mümkün olmadığını "çox yaxından" qiymətləndirir. Bununla belə, Haaretz ABŞ Senatının Yaxın Şərq üzrə alt komitəsinin rəhbəri, Demokratlar Partiyasından Kris Mörfinin sözlərinə diqqət çəkib:

İsrail kimi dövlətlərin hər iki tərəfdə oynamasını qəbul edə bilmərəm. Biz elə bir məqamdayıq ki, siz tərəf seçməli və Ukrayna xalqının tərəfində olmalısınız.

Mörfi əlavə edib ki, İsrail istehsalı olan Dəmir Qübbə müdafiə sistemi Rusiyanın pilotsuz təyyarələri və raket hücumlarına qarşı böyük fayda verəcək.

Nümayəndələr Palatasının Respublikaçı üzvü Adam Kinzinger də bu sözlərlə İsraili tənqid edib:
İran Rusiyaya mülki insanları öldürən pilotsuz təyyarələr verir. İsrailin bir kənarda dayanıb heç nə edə bilməyəcəyi kimi davranmağa bəhanəsi yoxdur.

CNN beynəlxalq məsələlər üzrə şərhçisi Bianna Qolodriqa da yazıb:

İranın daha az inkişaf etmiş texnologiyası ilə İsrailin texnologiyasına qarşı durmağın (və Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə artırmağın) vaxtı çatıb.

İsrailin müdafiə naziri Benni Qantz oktyabrın 19-da Avropa İttifaqının səfirləri ilə görüşündə deyib:
İsrail Ukraynaya humanitar yardım və xilasedici müdafiə vasitələri ilə dəstək siyasətini davam etdirir.

Bu açıqlamadan bir neçə gün əvvəl Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev xəbərdarlıq etmişdi ki, İsrail Ukraynanı silahlandırsa, İsrailin Rusiya ilə münasibətləri “məhv olacaq”.

“USA Today” qəzetinə danışan İsrailin keçmiş baş naziri və müxalifətdə olan “Likud” partiyasının lideri Benyamin Netanyahu gələn ay keçiriləcək seçkilər nəticəsində hakimiyyətə gələrsə, Ukraynaya silah göndərilməsi məsələsini nəzərdən keçirəcəyini söyləməklə kifayətlənib.