ABŞ Pelosinin yaradığı gərginliyi yumşaltmaq istəyir, Kreml isə... - Politoloq

17:37 23.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri və İrəvanda Azərbaycan əleyhinə verdiyi açıqlamalar Vaşinqtonun Cənubi Qafqazdakı maraqlarına ziddir.

ABŞ-da erməni lobbisi və onlara bağlı bir qrup konqresmen ölkəmizi hədəf seçsə də, Amerikanın təhlükəsizlik maraqları Azərbaycanla hərtərəfli əməkdaşlığı diqtə edir.

Bunu hafta.az-a politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində kiçik də olsa pay sahibi olması Amerikanın maraqlarına uyğundur. Digər tərəfdən Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynaması da Vaşinqtonun diqqət mərkəzindədir.

“Buna baxmayaraq, Nensi Pelosi kimilərinin anti-Azərbaycan fəaliyyəti ölkəmizdə Amerikaya qarşı haqlı narazılıq yaradır. Bunu Amerikanın rəsmi qurumlarında anlamamış deyilllər. Pelosinin İrəvanda anti-Azərbaycan açıqlamalarından sonra dövlət katibi Entoni Blinken prezident İlham Əliyevə zəng etdi. Bu zəngin əsas məqsədi Pelosinin İrəvandakı açıqlamalarını yumşaltmaq məqsədi daşıyırdı, sanki Vaşinqton Bakıya belə mesaj vermək istəyib ki, Amerikada hamı Pelosi kimi düşünmür. İndi də Blinken Nyu-Yorkda BMT Baş Assableyasının 77-ci sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edəcək. Bu görüşdən nəticə çıxmayacaq, sadəcə Blinken Cənubi Qafqazda mümkün toqquşma ehtimalını ortadan qaldırmağa və Rusiyaya “bölgədə biz də varıq” mesajını göndərməyə çalışacaq”.

E.Şahinoğlu bildirib ki, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanı tərk etdikdən sonra Rusiya prezidenti Vladimir Putin İrəvanda keçirilən IX Rusiya-Ermənistan regionlararası forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Onun sözlərinə görə, “Rusiya ilə Ermənistan arasında dostluq, əməkdaşlıq davam edir” deyən Kreml sahibi ötən müddət ərzində Rusiya və Ermənistanın müxtəlif sahələrdə konstruktiv əməkdaşlıqda geniş təcrübə topladığını, ikitərəfli əlaqələri yüksək müttəfiqlik səviyyəsinə çatdırılmasının vacibliyini vurğulayıb. Putin iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

“Bəzilərinə elə gələ bilər ki, bu Ermənistanda Rusiyaya və Kollektiv Təhlükəslik Müqaviləsi Təşkilatına qarşı etirazlara, Pelosinin İrəvana səfərinə, ermənilərin Vladimir Putinin şəkillərini cıraraq, onun üvanına təhqirlərin səsləndirilməsinə adekvat reaksiya deyil.

«Əslində isə Putin “ikitərəfli əlaqələrin yüksək müttəfiqlik səviyyəsinə çatdırılması vacibdir” deməklə Paşinyana yolunu azmamasının mesajını verib. Nensi Pelosinin səfərinə gəldikdə Putinin mövqeyini onun mətbuat katibi Dmitri Peskov ifadə edib: “ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi sözdə deyil, əməldə, ucadan, populist deyil, reallıqda, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər. Bu cür insanlar reallıqda bu normallaşmaya öz töhfəsini verə bilərmi? Səs-küylü aksiyalarla və bəyanatlarla? Gəlin izləyək, zamanla hər şey aydın olacaq”. Kreml Pelosini deyil, Nikol Paşinyanın aksiya və bəyanatlarını izləyəcək.

Siyasət rubrikasından digər xəbərlər