ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn Sünik bölgəsinə(Zəngəzur- S.L.) səfərini yekunlaşdırıb və burada ABŞ-ın sülhə, ümumi iqtisadi rifahın təmin edilməsinə və mədəni irsin qorunmasına davamlı dəstəyini vurğulayıb.
Hafta.az xəbər verir ki, News.am-ın yaydığı məlumata görə, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
“Martın 25-26-da Sünik bölgəsinə səfəri zamanı səfir Kuinn qubernator Robert Qukasyan, Tex(Laçın rayonuyla həmsərhəd ərazidəki Dığ kəndi-S.L.) icmasının lideri David Qulunts və yerli sakinlərlə iqtisadi və regional əhəmiyyətli məsələləri müzakirə edib. Sünik yolunda, Ararat bölgəsində, səfir Ermənistan və ABŞ-nin birgə sərmayəsi ilə qurulmuş polad zavodunu ziyarət edib. Sünik vilayətində o, Ermənistana Amerikanın başqa bir birgə böyük sərmayəsinin bəhrəsi olan “Contour Global Hydrocascade” müəssisəsinə baş çəkib.
Səfir Kuinn həmçinin tarixi Müqəddəs Hripsime kilsəsinə baş çəkib və burada Ermənistanın mədəni və dini irsinin hər yerdə qorunmasının vacibliyini vurğulayıb. Qorisdə səfir təhlükəsizlik vəziyyəti ilə bağlı aydın qiymətləndirmələri dinləmək üçün Avropa İttifaqının Monitorinq Missiyasının nümayəndələri ilə görüşüb.
Səfir Kuinn səfər zamanı icma liderləri və sakinlərlə də söhbət edərək, ABŞ-nin Ermənistanın ərazi bütövlüyünə və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasına dəstəyini bir daha təsdiqləyib”, – səfirliyin “Facebook” postunda belə deyilir.