“ABŞ Türkiyəyə qarşı son təzyiq imkanını da xərclədi” - Şərhçi fikirləri 

14:00 26.04.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Bayden heç də bizi təəccübləndirmədi – ilk gündən dediyi sözü yerinə yetirdi – qondarma erməni yalanına soyqırım dedi. Əslində, ermənilərin puluyla konqresə, senata və ya prezident postuna seçilən, qətiyyən milli əqidə barədə barədə düşünməyən, sadəcə dövlətin maraqlarına xidmət edən amerikalı siyasətçilərin, xüsusilə də demokratların belə bir addım atacağı gözlənilən idi ki, etdilər.

Baydenin arxasında dayanan yırtıcı sürüsü – konqresdə oturanlar 2019-cu ildə ermənilərin üzünü güldürən qərar vermişdi, amma keçmiş prezident Tramp guya Türkiyəyə önəm verirmiş kimi davranaraq “soyqırım” sözünü işlətmirdi. Əslində isə gözləyirdi ki, görsün Ankara Amemrikanın buyruq qulu olmaqda davam edəcək, ya yox. Amma sonluq budur: Türkiyə ipə-sapa yatmadı, müstəqil siyasət yürütdü, Rusiya, Çin və ya İran kimi ölkələrlə istədiyi kimi azad əlaqə qurdu, Fələstinin haqlarını müdafiə elədi, Qarabağ savaşında Azərbaycanla həmrəylik göstərərək xristian dünyasının daha bir xəyalını yıxdı və sair. Bütün bu olaylardan sonra Bayden durub deyir ki, bir əsr əvvəl ermənilərə qarşı soyqırım edilib.

Bəs hadisələri izləyən türk siyasət uzmanları bu barədə nə deyirlər?

İstanbul Mədəniyyət Universitetinin professor Hasan Köni deyir ki, Baydenin işlətdiyi “soyqırım” ifadəsi heç də iki ölkə arasında əlaqələrin tam qırılacağı mənasına gəlmir. “Türkiyə güclü reaksiya verməli, sərt dillə və əməlli ilə cavab verməlidir. Yoxsa ki, “bu qəbul edilə bilməz” deməklə üstündən keçmək olmaz. Ankara reaksiya verib, Çinin və Rusiyanın yanında dayanmağa çalışacaq. Birinci dəfə deyil ki, daha əvvəllər də bir çox ölkə ermənilərin uydurmasına dəstək verib. Bunlar əhəmiyyətli deyil, əsas məhkəmə hökmüdür. Məsələn, İngiltərə Maltaya gedənləri mühakimə etmək istədi, amma dəlil tapmadı. Çünki bu sırf işğal məsələsiydi” deyən H.Köni deyir ki, ABŞ bu gün demokratiyadan daha çox lobbitokrasiya, yəni lobbilərin istəklərinin önə çıxdığı, seçkilərdə çox önəmli rol oynadığı, pul vediyi və seçdirdiyi strukturdur.

"Baydenin seçildiyi ştatda çox böyük yəhudi lobbisi mövcuddur. Təbii ki, bu gün yəhudi lobbisi ilə aramız yaxşı deyil. Şərqi Aralıq dənizi səbəbilə Yunanıstanla ikili əlaqələrimiz çox pisdir və Avropa ilə problemlər yaşamaqdayıq. Bununla da bitmir, bəzi ərəb ölkələri ilə də ciddi fikir ayrılıqlarımız mövcuddur. Məncə bütün bunlar Baydenin məlum ifadəni işlətməsinə təsir göstərib. Bütün bunlara baxmayaraq, Ankaranın əməli cavablar verəcəyini düşünmürəm”, - deyir H.Köni.

Koç Universitetinin professoru Əli Çarkoğlu bu fikirdədir ki, məsələ Türkiyəyə müəyyən təsiri göstərsə də, bu heç də ikitərəfli əlaqələrin dayandırılması ilə nəticələnməyəcək.

"Bayden seçki kampaniyasında məsələni dilə gətirmişdi və digər yandan da, daxildən güclü təzyiq altında idi və indi də elədir. Bu günədək baş verən proseslər nəticə etibarı ilə ABŞ-a gözləməyə yer qoymayıb. Nəzərə alaq ki, 50 ştatdan 49-u artıq bu uydurmaya soyqırım donunu geyindirib, konqres də tanıyıb, prezidentin bundan o yana yolu qalmamışdı. Bir sıra ölkələr tanıyıb qondarma soyqırımı, amma ABŞ-ın yeri və təsir imkanları fərqlidir. Yəni ABŞ hüquqi baxımdan bəzi sanksiyalar tətbiq edə bilər”, - deyir Ə.Çarkoğlu.

Kocaeli Universitetinin professoru Əli Poyraz Gürson bu fikirdədir ki, hazırda ABŞ-Türkiyə münasibətlərində saymaqla qurtarmaz problemlər var və Baydenin “soyqırım" ifadəsinin işlətməsi bu siyahını bir az da uzadacaq. Xüsusilə də iki ölkə liderlərinin əlaqələrində qırılma baş verəcək.

Türkiyə-ABŞ əlaqələrinin inkişafında lobbi fəaliyyətinin mühim rol oynamalı olduğunu qeyd edən professora görə, Birləşmiş Ştatlardakı türk lobbisi bundan sonra fəaliyyətini daha da genişləndirməklə özünə tərəfmüqabillər tapmalıdır. "Daha öncələr konqres üzvlərinin təzyiqi yox idi. Bu gün həm konqresin ciddi təzyiqi hiss olunur, həm də daha yəhudi lobbisi türklərlə həmrəylik nümayiş etdirmir. Lobbi qüvvəsi Türkiyəyə münasibətlərə stimul verər. Çünki ABŞ sistemi lobbilər üzərində qurulub və təəssüf ki, biz bunu anlamaq istəmirik. Lobbi fəaliyyətini gücləndirmək üçün isə İsraillə əlaqələri qaydaya salmaq vacibdir”.

TOBB Universitetinin doktoru, “1915-ci il olaylarını anlamaq: türklər və ermənilər" kitabının müəllifi Sərdar Palabıyık deyir ki, Baydenin məlum "soyqırım" ifadəsinin heç bir mühakiməetmə mənası yoxdur və ola da bilməz. Onun fikrincə, bu müstəvidə istinad ediləcək yeganə beynəlxalq hüquq mənbəyi 1948-ci ildə qəbul olunmuş “Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılmasına dair BMT Anlaşması”dır. Həmin sənədə əsasən, ancaq iki cür məhkəmənin soyqırım cinayətini tanımaq və günahkarları cəzalandırmaq səlahiyyəti var. Bunlardan biri "soyqırım" cinayətinin işləndiyi iddia edilən ölkənin məhkəməsi, yəni tutaq ki, Türkiyə məhkəməsi, digəri isə həmin məhkəmənin mühakiməetmə səlahiyyətlərini tanıdığı beynəlxalq bir məhkəmə. Hansı ki, sözügedən məhkəmələrdən heç birinin bu müstəvidə qərarı yoxdur.

Palabıyık deyir ki, Amerikadakı mühakimələrin hüquqi mahiyyəti yoxdur. Dövlətin “soyqırım”ı tanıması sırf siyasi qərardır. Bu səbəbdən də Türkiyəyə hüquqi müstəvidə təsir edəcək hər hansı hal yaşanmayacaq. “Amma Amerikadakı ermənilər bundan sonra maddi təzminat və ərazi iddiaları irəli sürə bilər. Bu cür təzmnat məsələləri indiyədək ABŞ-da iki qanuna istinad edib: Birincisi, 1976-cı il tarixli "Xarici dominant toxunulmazlıq Qanunu"dur. Bu qanuna əsasən xaricdə haqsız yerə malı əlindən alınmış fərd və ya qurumun şikayətinə ABŞ-da baxıla bilər. Ancaq burada da bir məqam var: fərd və ya qurum həmin dövlətin vətəndaşı və ya qanuni qurumu deyilsə şikayətinə baxılır. İkinci qanun isə 2000-ci ildə Kaliforniyada "Poochigan Qanunu" adıyla qəbul edilib. Bu qanuna əsasən "erməni soyqırımı" zərərçəkənləri sığorta şirkətlərinə qarşı ittiham irəli sürə bilər. Yada salaq ki, beynəlxalq hüquqda və diplomatiyada Movsesiyan, Davoyan və Bakaliyan davaları olaraq tanınmış üç iş zamanı ermənilər atalarının Osmanlı vətəndaşlığından çıxarıldığını isbatlaya bilməmişdilər”, - deyən Palabıyıka görə, Baydenin “soyqırım” ifadəsini işlətməsi ilə bu məsələlər yenidən canlana, məhkəmələrə təkrar şikayətlər verilə bilər. Amma yenə də, ermənilərin ata-babalarının Osmanlı vətəndaşlığından çıxarıldığını və mal-mülklərinin əlindən alındığını sübut etməlidirlər. Bu baş verərsə, Amerikadakı türk banklarına əl qoyula, təyyarələr müsadirə oluna blər.

Yıldız Texniki Universitetinin professoru Cemal Zehir bu fikirdədir ki, Co Bayden sadəcə seçkilərdə ermənilərə verdiyi sözü yerinə yetirib. Çünki Amerikadakı erməni lobbisi çox təsirlidir, xüsusilə də seçkilərin nəticəsini təmin edən Kaliforniyada.

“Bayden bildirdi ki, açıqlaması heç bir tarixi reallığı dəyişdirməyəcək. Hansısa bir prezidentin sözü ilə bütöv bir xalq soyqırım törədicisi ola bilməz. Belə bir qərar ancaq tarixi arxiv sənədlərinin araşdırılması və elmi fəaliyyət nəticəsində verilir. Hansı ki, indiyədək aparılan elmi araşdırmalar erməni soyqırımının qondarma olduğunu isbatlayıb. Amma erməni diasporu bu yalanı ortaya ataraq güclü təbliğat vasitəsinə çevirib. Günümüzdə həm Amerika, həm də ümumiyyətlə, Qərb cəmiyyətləri bu yalana inandırılıb” deyən Zehirin sözlərinə görə, ABŞ prezidentinin işlətdiyi hüquqi və elmi dəyəri olmayan ifadəsi Türkiyəyə qarşı əllərindəki son təzyiq vasitəsiydi, onu da xərclədilər.

Professor Zehir bildirir ki, Türkiyə, Suriyada terror dəhlizinin yaradılmasının qarşısını almaq üçün mübarizə aparır və artıq rəqibimizin məhz ABŞ olduğunu bilir. “O cümlədən, Qarabağ müharibəsində də Birləşmiş Ştatlar Ermənistanın yanındaydı. 30 illik erməni işğalının aradan qaldırılması üçün, Minsk Qrupunda həmsədr olmasına baxmayaraq, ABŞ heç bir iş görmədi. Amma bütün bunlara baxmayaraq, Türkiyə-ABŞ münasibətlərində yeni səhifə açılacağına əminəm. Baydenin məlum ifadəsindən sonra Türkiyənin cavab vermək üçün əlində bir sıra imkanları var. ABŞ-la NATO-da müttəfiqik. Ancaq düşmənlə müttəfiq olmaq mümkün deyil. İki gün əvvəl Türkiyəni “F-35” proqramından çıxarıldığını rəsmən elan edən bu ölkənin “soyqırım”ı tanıyacağı məlum idi. Buna baxmayaraq, baş verənləri fəlakət hesab eləmək lazım deyil, çünki tarixi reallıqlar ortadadır. Yenə deyirəm, Vaşinqton Türkiyəyə qarşı istifadə edəcəyi son təzyiq imkanını xərclədi”, - deyir cənab Zehir.

Sakarya Universiteti yanında Türk – Erməni Münasibətləri Araşdırmaları Mərkəzinin rəhbəri, professor Haluk Selvi, Amerika prezidentinin bu qərarı verməsində Türkiyəyə qarşı siyasətin özünü göstərdiyini deyir, ermilərlə yaxın əlaqədə olan Baydenin dəfələrlə bu məsələni Senata çıxardığını xatırladır. "Bayden bu qərarı verməklə istəyir ki, Türkiyə siyasətini dəyişib, onun dedikləri ilə oturub-dursun. Digər tərəfdən, son on ildə Türkiyənin müstəqil siyasət yürütməsindən, xüsusilə Yaxın Şərq və Balkanlarda öz siyasətini qurmasından duyulan narahatlığın da bu bu qərarın verilməsində rol oynadığını demək lazımdır" deyən Selvi, Baydenın açıqlamasının Türkiyə - ABŞ əlaqələrinə qısa və uzunmüddətli təsirinə işarə edərək, qısa vədədə türk ictimaiyyətində Vaşinqtona qarşı sərt çıxışların artacağını, ancaq prezident Rəcəb Tayyib Ərdoğanla Bayden arasında keçiriləcək mümkün görüşün bu gərginliyi azalda biləcəyini bildirir.

"ABŞ istər Yaxın Şərq, istərsə də Qafqaz siyasətini nəzərə aldıqda qəti şəkildə Türkiyənin önəmini nəzərdən qaçıra bilməz. Ona görə də Baydenin bu açıqlamasını yüngülcə acıqvermə və xəbərdarlıq kimi yozmaq istərdim. Amma yenə də, Türkiyə dövləti öz mövqeyini qəti şəkildə ortaya qoydu. Ankara haqlı olduğu bir məsələdə heç vaxt boyun əyməyəcək, yaşanmamış hadisələr üzərində siyasət qurmaq mümkün deyil. Hər zaman olduğu kimi, günümüzdə də Türkiyənin siyasətinə düzən vermək, onu hansısa cizgidə saxlamaq heç bir dövlətin hünəri deyil”, - deyir cənab Selvi.

Bahçaşəhir Universiteti yanında Amerika Araşdırmaları Mərkəzinin direktoru, doktor Burak Küntay da bu qənaətdədir ki, Baydenin sözləri Türkiyə-Amerika əlaqələrində çevriliş yaratmayacaq. Onun fikrincə, 50 ştatdan 49-u, Konqres və Senat artıq qondarma soyqırımı tanıyıb və Amerika tarixində üç dəfə prezidentlər Türkiyəyə buna bənzər məsələrdə mövqe nümayiş etdirib. “Hesab edirəm ki, bu məsələnin indiyədək kənarda saxlanılması və 2019-cu ilədək konqresdə tanınmaması Türkiyənin geopolitik önəmi ilə bağlı idi. Amma Ağ Ev “S-400”lərin alışı və Türkiyə - Rusiya münasibətlərindəki yaxınlaşmadan sonra Türkiyəni bir növ cəzalandırmaq yolunu tutdu. Türkiyə - ABŞ əlaqələri bundan sonra necə olacaq sualına cavab olaraq deyim ki, bu 15-20 il əvvəl baş versəydi, cavab tapmaqda çətinlik çəkərdik. Amma indi vəziyyət başqadır. Çünki ABŞ-ın Şimali İraqda və Suriyada etdikləri, FETÖ-nü öz ərazisində bəsləməsi, Türkiyəyə qarşı maliyyə basqıları, viza böhranı, son olaraq “F-35” proqramından kənarlaşdırma və sair kimi düşmən mövqeləri nəzərə alsaq deyə bilərik ki, ikitərəfli əlaqələr defakto ən aşağı səviyyədədir. Yəni ikitərəfli əlaqələrin bundan da aşağı düşməyə yeri qalmayıb”, - deyir B.Küntay.