Rusiya ilə ABŞ arasında tarixi danışıqlardan sonra ekspertlər prosesin əhəmiyyətini və gələcəkdə qarşıya çıxa biləcək çətinlikləri dəyərləndiriblər. Rusiya ilə ABŞ arasında son üç ildə ilk yüksək səviyyəli danışıqlar hər iki tərəfə müəyyən məsələlərdə razılığa gəlməyə imkan verdi. Lakin ekspertlərin fikrincə, bu, yalnız başlanğıcdır və qarşıdakı dövrdə ciddi danışıqlar davam etdiriləcək.
Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru İvan Timofeyev bəyan edib ki, diplomatik münasibətlərin bərpası danışıqların ən konkret nəticələrindən biridir. Əgər tərəflər səfirliklərin fəaliyyətini ən azı 2022-ci ildən əvvəlki səviyyəyə çatdıra bilsələr, bu, diplomatik sahədə sanksiyaların yumşaldılması baxımından irəliləyiş olacaq”. Timofeyev həmçinin vurğulayıb ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi maliyyə sanksiyaları ilə bağlı bəzi güzəştlərin mümkünlüyünü istisna etmir, lakin onların tam ləğvi hazırda mümkün görünmür.
MDB Mİ-nin beynəlxalq münasibətlər fakültəsinin dekanı Andrey Suşentsov bəyan edib ki, Rusiya və ABŞ-ın Ukrayna böhranının həlli üçün birbaşa danışıqlara başlaması iki tərəf arasında daha geniş razılaşmaya gətirib çıxara bilər. “Vaşinqton Kiyevin ondan asılı olduğunu bilir və buna görə də Ukrayna rəhbərliyini müəyyən həll yoluna yönəldə bilər”, - deyən Suşentsov əlavə edib ki, Zelenskinin şübhəli legitimliyi Moskva üçün əhəmiyyətli problem yaradır. Rusiyalı ekspert “Zelenski yenidən seçilərsə, Rusiya ilə istənilən razılaşmanın hüquqi bazası möhkəmlənə bilər” deyib.
Valday klubunun eksperti və beynəlxalq əlaqələr üzrə analitik Andrey Kortunov danışıqları “vacib mərhələ” kimi qiymətləndirib. "Bütün böyük böhranlarda olduğu kimi, tərəflərin bir araya gəlməsi prosesin başlanğıcıdır. Lakin ən çətin tərəfi bu ümumi razılaşmanın necə təfərrüatlı şəkildə izah edilməsidir", - deyən Kortunov Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində addımların zamanla atıla biləcəyini əlavə edib. "Ticarət və investisiyalar üçün qarşılıqlı maneələrin aradan qaldırılması əlaqələri daha sabit edə bilər, lakin bu, Ukraynadakı proseslərdən asılıdır" deyib.
Ekspertlər vurğulayırlar ki, danışıqlar müsbət başlanğıc olsa da, onun nəticələrinin konkret hiss olunması üçün vaxt lazımdır. Bildirilir ki, Rusiya ilə ABŞ arasında münasibətlərin tam bərpası keçmişdə olduğu kimi, uzunmüddətli və hərtərəfli diplomatik səylər tələb edir. "Danışıqlar uğurlu olarsa, biz gələcəkdə iki ölkə arasında daha çox iqtisadi və diplomatik qarşılıqlı əlaqənin şahidi ola bilərik. Lakin bunun üçün hər iki tərəf siyasi iradə nümayiş etdirməli olacaq", - Kortunov bildirib.
Politoloq Georgiy Bovt qeyd edir ki, bir çox məsələlərdə Moskva və Vaşinqtonun mövqeləri hələ də əhəmiyyətli dərəcədə fərqlidir, lakin hər iki tərəf prosesi davam etdirməkdə maraqlı görünür. ABŞ-ın xüsusilə Ukraynada atəşkəs prosesini başlatmaq istədiyini vurğulayan Bovt bunun üçün bir sıra şərtlərin müzakirə edildiyini bildirir.
“Fox News”un məlumatına görə, danışıqlar zamanı mümkün sülh planı üç mərhələdə qiymətləndirilib: əvvəlcə atəşkəs rejiminin yaradılması, sonra Ukraynada seçkilərin keçirilməsi və nəhayət, yekun sülh sazişinin imzalanması. Lakin nə Rusiya, nə də ABŞ tərəfi bu planı rəsmən təsdiqləməyib.
Bovtun sözlərinə görə, danışıqların ən həssas məqamlarından biri Ukraynanın indiki administrasiyasının gələcəyi ilə bağlıdır. Rusiya dəfələrlə Zelenskini legitim həmsöhbət kimi görmədiyini bildirsə də, ABŞ tərəfi Ukraynada siyasi sabitliyin təmin edilməsinin sülh prosesinin bir hissəsi olacağını iddia edir. Eyni zamanda, Avropa İttifaqının prosesdə iştirak edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Rusiya açıq şəkildə Avropanın Ukraynaya qoşun yeritməsinə qarşı olduğunu bildirsə də, ABŞ Avropanı danışıqlar masasına çəkməyin yollarını axtarır. Bovt proqnozlaşdırır ki, Avropa əvvəlcə ABŞ-ın Ukrayna ilə bağlı təşəbbüsündən uzaqlaşa bilər, lakin proses irəlilədikcə Vaşinqtonun təzyiqinə boyun əyə bilər. Buna baxmayaraq, o, müharibə tərəfdarı qrupların sülh prosesini sabotaj etmək üçün addımlar ata biləcəyi ilə bağlı xəbərdarlıq edir və 2022-ci ildə İstanbulda başlanılan, lakin son anda ləğv edilən danışıqların təkrarlanmaması lazım olduğunu vurğulayır.