Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Mamedov saxlanılmış, qardaşı Allahşükür isə müəyyən edilib.
Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, polis əməkdaşları tərəfindən Allahşükürün yaşadığı evə baxış zamanı oradan 100 qramdan artıq heroin, 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən Allahşükürə məxsus “VAZ-21705” markalı avtomobilin rayonun Taxta Körpü qəsəbəsi ərazisində olduğu müəyyən edilmişdir. Ağcabədi və Zərdab RPŞ əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsi qəsəbə ərazisində saxlanılmışdır.
Avtomobilin salonuna baxış zamanı oradan heroin aşkar edilərək götürülmüşdür. Nəqliyyat vasitəsini idarə edən Ağcabədi şəhər sakini P.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.