Prezident İlham Əliyevin Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirakı, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxış Azərbaycan dövlətinin öz torpaqlarının hər qarışına, hər bir vətəndaşına diqqətinin, qayğısının daha bir təzahürü kimi bir daha dünyaya təqdim olunmaqla təhlil edilir. Mayın 28-də Prezidentə Ağdam şəhərinin baş planı təqdim olunub və dövlətimizin başçısı ermənilər tərəfindən tamamilə dağıdılan şəhərin yeni təməlini qoyub. Ağdam yenidən bərpa olunacaq.
Bu istiqamətdə hafta.az-a müsahibə verən Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov maraqlı fikirlər söyləyib.
- Əvəz müəllim, məlumdur ki, Prezident İlham Əliyev mayın 28-də Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Yenidən qurulan Ağdam şəhərinin bir ağsaqqalı kimi bu görüş və təqdimatla bağlı təəssüratlarınızı bizimlə bölüşün...
- Prezidentin Ağdamın təməlqoyma mərasimində ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşündə mən də iştirak elədim. Çox böyük təəssüratlarım var, gözəl tədbir idi. Bugünkü anı çox səbirsizliklə gözləyirdik. Nəhayət, həmin gün gəldi. Düz, 1993-cü ilin iyul ayının 23-də Ağdam işğal olunub. O gündən bu günə qədər o torpaqlara həsrət idik. Şükürlər olsun, Ağdamı azad etdik və yenidən o yerlərə getdik. Erməni vəhşiliyi Ağdamı xarabazara çevirib və hazırda bu mənzərə hər kəsin gözü qarşısındadır. Biz Ağdamın xarabalığını görəndə ürəyimiz ağrıdı, sızladı, təəssüf etdik ki, belə bir dövrdə dünyanın gözü qarşısında belə vəhşilik törədilib. Şəhərdə bir dənə salamat bina qalmayıb. Bütün ictimai-iaşə obyektləri dağıdılıb. Şükürlər olsun, bütün bunlara son qoyuldu. Ağdamda çox gözəl layihələr, təqdimatlar oldu. Təsəvvür edin ki, Ağdamda böyük bir sənaye məhəlləsi yaradılacaq. Böyük parklar, meşə zonası salınacaq. Təsəvvür edin ki, şəhərin içində, baş küçədə haradasa eni 35-40 metr enində, ortasından tramvay xətti keçən yol salınacaq. Bundan başqa velosiped, piyada yolları və s. quruculuq işləri həyata keçiriləcək. Biz layihəyə baxdıq, çox xoşumuza gəldi. Tədbirdə möhtərəm Prezident çıxış elədi. Ümumiyyətlə, bütün rayonların hamısı bizimdir, ürəyimizdir, canımızdır. Prezidentin Ağdamda belə bir təqdimat mərasimi keçirməsi ağdamlıları hədsiz sevindirir. Prezident orada elan elədi ki, digər rayonlarda da belə tədbirlər, təqdimatlar keçiriləcək. Birinci Ağdamdan başlanıldı. Avtomobil yolları çəkilib, artıq dəmir yolu xəttinin çəkilməsinə başlanılıb. Demək olar ki, “4 yol” deyilən yerdən Ağdama qədər 20 kilometr məsafədə bütün yolboyu tikinti başlanılıb. Ona görə də Ağdamın yenidənqurulma layihəsi, təbii ki, xoşumuza gəldi, çox şad olduq.
- Ağdamın yeni planı ilə tanış olan bir şəxs kimi necə hesab edirsiniz, şəhərin yeni görkəminə köhnələrin bərpası ilə yanaşı, hansı yeniliklər əlavə olacaq?
- Ağdamda 150 hektarlıq sahədə sənaye zonasının yaradılmasının təməli qoyuldu. Orada fabrik və zavodlar tikiləcək. Bu da böyük nailiyyətdir. 150 ilə yaxın yaşı olan 1 nömrəli şəhər orta məktəbinin yerində təməlqoyma məqasimi keçirildi, böyük bir məktəbin tikintisinə başlanılacaq. Cümə Məscidinin təmir-bərpa işlərinə start verilib. Prezidentimiz həmin gün Ağdamda Qiyaslı Məscidinə, Şahbulaq qalasına baxış keçirdi. Şəhərin ortasında böyük süni göl salınacaq. Dediklərimizin hamısı şəhərin trendinə əlavə olunan yeni tikililərdir. Təbii ki, köhnələri də yenidən bərpa olunacaq, çünki burada heç bir tikili qalmayıb. Bu saat Ağdamda 4 zolaqlı avtomobil yolu çəkilir - Bərdə-Ağdam yolu. Bunların hamısı yenidir. Bundan başqa, Ağdamda Qarabağ Universiteti də inşa ediləcək. Universitetdə oxuyan tələbələrin yaşaması, qalması üçün yataqxanalar tikiləcək, böyük turizm zonası yaradılacaq, Şahbulaq tərəfdə olan hündür ərazidə Dağüstü Park kimi istirahət parkı salınacaq.
- Ağdamın viran qalmış bu mənzərəsi işğalçı Ermənistanın hansı simada, hansı niyyətdə olduğunu göstərir?
- O vaxt məktəb direktoru olmuşam, Ağdamda işləmişəm. Şəhərdə kənardan görünən bir Təhsil Şöbəsinin binasının qalıqlarıdır, bir də Cümə Məscidinin minarələridir. Prezidentin də dediyi kimi, erməni vəhşiləri o yerləri müəyyən strateji məqsədlər üçün yararlanmaq məqsədilə saxlayıblar. Təqdimatda deyildi ki, yararlı olan daşlar kənara yığılır, qalanları isə traktorlarla düzlənib üzərlərində işlər aparılır. Ağdamda vəziyyət çox acınacaqlıdır.
Bu mənzərə erməni vəhşiliyinin bariz nümunəsidir, ermənilər bəşəriyyətə, insanlığa ləkədirlər. Biz bu gün o ləkənin izlərini torpaqlarımızdan təmizləməyə çalışırıq və əminəm ki, erməni pislikləri təmizlənəcək. Müharibədə və ondan əvvəl də çox böyük itkilərimiz oldu. Necə-neçə şəhid verdik, qazilərimiz var. Ermənilərin Azərbaycanda törətdiyi soyqırımlar, terrorlar yaddan çıxa bilməz. Düzdür, bütün rayonlardan şəhidlərimiz oldu, amma Ağdam cəbhə xəttinin üstündə olduğuna, görə, erməni silahlılarının məskən saldığı Xankəndi bizə yaxın olduğuna görə, Qarabağ savaşında ən çox itki verən bölgə, ən çox Milli Qəhrəmanı olan rayon da Ağdamdır. Erməni vəhşiləri Ağdamın gücünü, qüdrətini gördü, bütövlükdə Dəmir Yumruğun zərbəsini başında hiss etdi, Ağdamda indi gördüyümüz xarabalıq erməni vəhşiliyindən başqa bir şey deyildir. Bu, insanlığa qarşı böyük cinayətdir.
Bu hadisələr nə qədər ağır olsa da, geridə qaldı. Gələcəyə nikbin baxmalıyıq. Ölkədə böyük tikinti-quruculuq işləri başlayıb. Ona görə də Allah Prezidentimizi qorusun, Mehriban xanımı qorusun. Torpaqlarımız azaddır və gələcək yaxşı olacaq. Şəhərimiz gözəl olacaq. Naxçıvana, Horadizdən Ağdam tərəfə yol çəkiləcək. Düzdür, ermənilər indi də xırda təxribatlara əl atıb, aranı qarışdırmaq istəyirlər. Onların bu revanşist cəhdləri heç bir nəticə verməyəcək. Qalib gəlmişik və bir qalib xalq olaraq da bunun müsbət nəticələrini görəcəyik.
- Əvəz müəllim, Ağdam Ağsaqqallar Şurasının sədri olaraq bu gün dünya dövlətlərinin, beynəlxalq təşkilatların Azərbaycanın üzləşdiyi erməni vəhşiliyinə yanaşmada nələri müşahidə edirsiniz?
- İlk növbədə, ölkəmizə qarşı ikili standartlı yanaşmaları müşahidə edirik. Bundan əvvəl dost, qardaş ölkə olan Türkiyə Cümhuriyyətinin bizə verdiyi mənəvi dəstəyi qeyd etmək istərdim. İndi Türkiyə cümhur başqanının Azərbaycana səfəri gözlənir. Bəzi ölkələr var ki, bu dost münasibəti qısqanclıqla qəbul edir, həzm edə bilmirlər. Buna baxmayaraq, Prezidentimizin də dediyi kimi, artıq quruculuq işlərinə başlamışıq. Bir misal var: qoy dostlar sevinsin, düşmənin gözü çıxsın. Həmişə olduğu kimi, indi də Azərbaycana qarşı çıxış edən bir sıra ermənipərəst qüvvələr aktivdir. Həmin qüvvələr yenə də Azərbaycana qarşı özünün çirkin əməllərini davam etdirirlər. Eləcə də Avropa İttifaqı, Avropa Şurası müxtəlif vasitələrlə bizə təsir etməyə çalışırlar. İş o yerə çatıb ki, ölkəmizə qarşı cinayətlər törətmiş erməni diversantlarını müharibə əsirləri adı ilə azad etməyə çalışırlar. Onlar terrorçu qrupun üzvləri olduğu halda və Azərbaycan o diversantları tutub-saxladığına görə təqib olunur. Azərbaycanda həbs olunan həmin erməni silahlıları xüsusi cinayətkar dəstələr idi ki, gəlib burada təxribat törətməyə çalışırdılar.
Kəlbəcər istiqamətində mina basdırarkən tutulan erməni əsgərləri barədə də müxtəlif bəhanələr irəli süüb, onların da azad olunmalarına çalışırlar. Azərbaycan dövlətinin qarşısında beynəlxalq aləmin yaratdığı bir sıra maniələr var ki, bu gün ölkə başçısının qətiyyətli siyasəti ilə o baryerləri də aşacağıq.
Təbii ki, bu haqq yolunda Azərbaycanın qarşısına çıxan mənfi qüvvələr var. Bütün bunlara baxmayaraq, öz işimizi davam etdirib, ölkəmizin çiçəklənməsinə, azad, müstəqil dövlətimizin firavanlığına nail olacağıq.
Bu gün ermənilər əsasən Ermənistan -Azərbaycan sərhəd bölgələrində təxribatlar törətməkdə davam edirlər. Ağdamda elə təxribatçı qüvvələr yoxdur. Bu ərazidə Azərbaycan hərbi qüvvələri nəzarəti öz əlinə alıb. Düzdür, Azərbaycanın dağlıq zonasında - Ağdərə, Xocavənd, Xocalı, Xankəndidə ermənilər yaşayır. İnanmıram ki, onlar bir daha müharibəyə başlasınlar. Ermənilər yerlərdə xırda təxribatlar törədirlər. Ordumuz onların cavabını verir, bundan sonra da verəcək.