Şuşa Bəyannaməsi Türk dövlətləri arasındakı münasibətlər sisteminə də transfer olunmalı və yeni mərhələyə keçməlidir"
2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik mərhələsinə yüksəldən tarixi sənəd kimi qiymətləndirilir. Beş il ərzində bu Bəyannamə təkcə Bakı–Ankara münasibətlərinin inkişafına deyil, həm də Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına mühüm təsir göstərib. Hərbi təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və türk dünyasının inteqrasiyası istiqamətində əldə olunan nəticələr Şuşa Bəyannaməsinin strateji əhəmiyyətini daha da artırıb.
Hafta.az-ın msahibi Milli Məclisin deputatı Fazil Mustafadır:
- Şuşa Bəyannaməsinin imzalanmasından ötən beş ili necə qiymətləndirirsiniz?
- Şuşa Bəyannaməsinin imzalanması çox önəmli və tarixi bir addım idi. Vətən müharibəsində əldə olunan qələbəyə baxmayaraq, regionda müəyyən təhlükəsizlik riskləri qalmaqda davam edirdi. Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunsa da, müəyyən ərazilərdə Rusiya sülhməramlılarının mövcudluğu, eləcə də bölgədə müxtəlif xarici təsir amillərinin qalması yeni geosiyasi vəziyyət yaradırdı. Belə bir şəraitdə Şuşa Bəyannaməsi Azərbaycan üçün əlavə təhlükəsizlik təminatı rolunu oynadı. Bu sənəd həm Azərbaycan cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə göstərdi ki, Türkiyə və Azərbaycan strateji məsələlərdə vahid mövqedən çıxış edir və regionun gələcəyi ilə bağlı ortaq baxışlara malikdir.
Eyni zamanda, Bəyannamə iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxardı. Əgər əvvəllər strateji tərəfdaşlıqdan danışılırdısa, artıq müttəfiqlik münasibətləri hüquqi və siyasi əsaslarla təsbit olundu. Sonrakı illərdə baş verən proseslər də göstərdi ki, bu sənəd sadəcə siyasi bəyanat deyil, real nəticələr doğuran və regionun gələcəyinə təsir edən mühüm strateji sənəddir.
- Bəyannamənin qəbulundan sonra iki ölkə arasında hərbi, siyasi və iqtisadi əməkdaşlıq sahələrində hansı mühüm nəticələr əldə olunub?
- Əslində, Azərbaycan və Türkiyə arasında əməkdaşlığın möhkəm təməli Şuşa Bəyannaməsindən əvvəl də mövcud idi. Lakin bu sənəd həmin əməkdaşlığı daha sistemli və institusional xarakterə çevirdi. Birgə hərbi təlimlərin intensivləşməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənməsi və ordular arasında koordinasiyanın güclənməsi bunun ən mühüm göstəriciləridir.
Bəyannamədən sonra hər kəs üçün aydın oldu ki, Azərbaycana qarşı yönələn hər hansı təhdid və ya təcavüz cəhdi təkcə Azərbaycanla deyil, eyni zamanda Türkiyə ilə münasibətlər kontekstində də qiymətləndiriləcək. Bu isə bölgədə yeni təhlükəsizlik balansının formalaşmasına ciddi təsir göstərdi. Siyasi müstəvidə də iki ölkənin beynəlxalq təşkilatlarda və regional platformalarda daha koordinasiyalı fəaliyyət göstərdiyini müşahidə etdik. İqtisadi sahədə isə enerji layihələri, nəqliyyat dəhlizləri, logistika imkanlarının genişləndirilməsi və qarşılıqlı investisiya əlaqələrinin inkişafı yeni mərhələyə qədəm qoydu.
- Şuşa Bəyannaməsi Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlara və regional təhlükəsizlik mühitinə necə təsir göstərib?
- Şuşa Bəyannaməsi regionda güc balansının dəyişdiyini və Azərbaycanın artıq yeni geosiyasi reallıqlar yaradan əsas aktorlardan birinə çevrildiyini nümayiş etdirdi. Bu sənəd Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərdi və regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən amillərdən biri oldu.
Xüsusilə Ermənistanda bu sənədin yaratdığı təsir nəzərəçarpandır. Ermənistan cəmiyyətində artıq Azərbaycanla hərbi qarşıdurmanın əvvəlki dövrlərdə olduğu kimi nəticə verməyəcəyi anlayışı formalaşmağa başladı. İnsanlar başa düşdülər ki, Azərbaycanla mümkün qarşıdurma, eyni zamanda, Türkiyənin də iştirak etdiyi daha geniş təhlükəsizlik müstəvisində qiymətləndiriləcək.
Bu reallıq Ermənistanda militarist düşüncənin müəyyən qədər zəifləməsinə və daha praqmatik yanaşmaların ön plana çıxmasına təsir göstərdi. Son seçkilərdə radikal və revanşist qüvvələrin zəif nəticə göstərməsi də bu dəyişən reallıqların nəticələrindən biri kimi qiymətləndirilə bilər.
- Azərbaycan–Türkiyə hərbi müttəfiqliyinin daha da gücləndirilməsi üçün yaxın perspektivdə hansı addımların atılmasını vacib hesab edirsiniz?
- Bu istiqamətdə artıq müəyyən edilmiş fəaliyyət proqramları və mexanizmlər mövcuddur. Birgə hökumətlərarası komissiyalar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq mexanizmləri, hərbi təhsil və müdafiə sənayesi sahəsində ortaq layihələr davam etdirilir.
Hesab edirəm ki, gələcəkdə texnologiya transferi, müdafiə sənayesində ortaq istehsal, kadr hazırlığı və təhlükəsizlik sahəsində koordinasiyanın daha da gücləndirilməsi vacib olacaq. Müasir dövrdə təhlükəsizlik yalnız hərbi güclə ölçülmür. Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və strateji kommunikasiya kimi sahələr də əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilməlidir. Türkiyə–Azərbaycan müttəfiqliyi regionun sabitliyinə xidmət edən əsas amillərdən biri kimi qəbul olunur və bu kursun davam etdirilməsi vacibdir.
- Şuşa Bəyannaməsinin türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə və Türk dünyasının inteqrasiyasına təsiri barədə fikirləriniz necədir?
- Hesab edirəm, Şuşa Bəyannaməsinin ən mühüm nəticələrindən biri onun türk dünyası üçün uğurlu əməkdaşlıq modeli yaratmasıdır. Azərbaycan və Türkiyənin ortaya qoyduğu birlik nümunəsi digər türk dövlətləri üçün də maraqlı və cəlbedici oldu. Son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidə olunan fəallıq, iqtisadi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi müəyyən mənada bu modelin təsiri ilə bağlıdır. Orta Asiya türk dövlətləri ilə Azərbaycan və Türkiyə arasında əməkdaşlıq yeni məzmun qazanmağa başlayıb.
Qarabağın yenidənqurulmasında türk dövlətlərinin iştirak imkanları, nəqliyyat layihələri, enerji əməkdaşlığı və ortaq iqtisadi təşəbbüslər inteqrasiyanın daha da dərinləşməsinə şərait yaradır. Parlamentlərarası və hökumətlərarası səviyyədə intensiv əlaqələrin qurulması da göstərir ki, Türk dünyasının inteqrasiyası artıq ideya mərhələsini keçərək praktik müstəviyə daxil olur.
- Hazırkı beynəlxalq çağırışlar fonunda Şuşa Bəyannaməsinin əhəmiyyəti əvvəlki dövrlərlə müqayisədə artıbmı və bu sənəd regionun gələcəyi baxımından hansı strateji üstünlüklər yaradır?
- Hesab edirəm, son illərdə dünyada baş verən hadisələr Şuşa Bəyannaməsinin əhəmiyyətini daha da artırıb. Müxtəlif regionlarda müharibələrin və geosiyasi qarşıdurmaların davam etməsi təhlükəsizlik məsələlərinin dövlətlər üçün nə qədər vacib olduğunu bir daha göstərdi. Azərbaycanın regionda sabitliyi qorumağa nail olması və müxtəlif risklərdən uzaq qalması da müəyyən mənada bu müttəfiqlik modelinin uğurlu nəticələrindən biridir. Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizlik imkanlarını gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə də xidmət edib.
Azərbaycan artıq zəif və ya müdafiəsiz tərəf kimi deyil, regional proseslərə təsir edə bilən güclü dövlət kimi qəbul olunur. Bu da bir çox ölkələrin Azərbaycanla bağlı siyasətində dəyişikliklərə səbəb olub.
- Qarşıdakı illərdə Şuşa Bəyannaməsinin icrası çərçivəsində hansı yeni təşəbbüslərin və layihələrin həyata keçirilməsi gözlənilir?
- Düşünürəm, qarşıdakı dövrdə əsas diqqət Türk dünyasının inteqrasiyasının daha da dərinləşdirilməsinə yönələcək. Yeni geosiyasi çağırışlar ortaya çıxdıqca əməkdaşlığın da yeni formaları yaranacaq və bu, Şuşa Bəyannaməsinin inkişafına əlavə imkanlar yaradacaq. Türk dövlətləri ilə imzalanan yeni sənədlər, Qarabağda birgə infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və siyasi həmrəyliyin gücləndirilməsi bu istiqamətdə əsas prioritetlərdən olacaq.
Hesab edirəm ki, Şuşa Bəyannaməsinin yaratdığı əməkdaşlıq modeli artıq yalnız Azərbaycan və Türkiyə arasındakı münasibətlərlə məhdudlaşmamalıdır. Bu model türk dövlətləri arasındakı münasibətlər sisteminə də transfer olunmalı, ortaq maraqlar əsasında daha geniş inteqrasiya mexanizmlərinin formalaşmasına xidmət etməlidir. Məhz bu istiqamətdə atılacaq addımlar gələcək dövrün əsas strateji hədəflərindən biri olacaq.