Almaniyanın tanınmış jurnalistlərindən olan Hubert Zaypelin Rusiya prezidenti Vladimir Putin haqqında yazdığı kitablara görə 600 min avro qonorar aldığı üzə çıxıb.
Hafta.az-ın yazdığına görə, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) və Almaniyada fəaliyyət göstərən araşdırmaçı jurnalist təşkilatı Paper Trail Media tərəfindən aparılan araşdırmada Zaypelin Putin haqqında yazdığı iki bioqrafiya kitabı üçün sözügedən ödənişi aldığı bildirilib.
Sözügedən kitablar 2015-ci ildə nəşr olunan “Putin: Gücün daxili baxışları” və 2021-ci ildə nəşr olunan “Putinin gücü: Avropanın Rusiyaya niyə ehtiyacı var?” kitablarıdır.
İstintaqın məlumatına görə, Zaypel sözügedən məbləği Putinə yaxın olan rusiyalı oliqarx Aleksey Mordaşovdan alıb. Bildirilib ki, ödəniş Rusiyadakı özəl banklardan biri olan “Sovcombank”dakı hesab vasitəsilə həyata keçirilib.
Həmçinin qeyd olunub ki, Mordaşovun səhmdarı olduğu “Rossiya Bank” tez-tez Putinin yaxın çevrəsinin elitasına kredit verir.
Zaypel “The Guardian”a verdiyi açıqlamada Mordaşovdan pul aldığını etiraf etsə də, məbləğlə bağlı məlumat paylaşmayıb. Jurnalistin kitablarını nəşr edən “Hoffmann und Campe Verlag” isə sözügedən razılaşmadan xəbərsiz olduqlarını iddia edib.
Alman jurnalist 2012-ci ildə işıq üzü görən Putin haqqında çəkdiyi "İch Putin - Ein Porträt" (Mən Putinəm - Portret) adlı sənədli filmi ilə də böyük səs-küyə səbəb olub. Putinlə "ən azı 100 dəfə görüşdüyünü" ifadə edən Zaypel açıqlamasında Mordaşovdan müsahibələri və ya sənədli filmləri üçün deyil, yalnız kitab layihələri üçün maliyyə dəstəyi aldığını bildirib.
Rusiyalı oliqarxın nümayəndəsi ödəniş iddialarına birbaşa cavab verməsə də, “Mordaşovun bütün biznes sövdələşmələri qanuni və ədalətli şəkildə həyata keçirilir” deyib.