Almaniyada şəhərin adı Taylor Sviftin şərəfinə dəyişdirilib

09:05 05.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyaca məşhur amerikalı pop ulduz Taylor Svift Eras turnesi çərçivəsində 18 şəhəri ziyarətə davam edir. Məşhur müğənni qastrol səfəri çərçivəsində Almaniyaya da gedəcək. Sviftin Almaniyadakı ilk dayanacağı 17, 18 və 19 iyulda çıxış edəcəyi Gelzenkirxen olacaq.

Hafta.az-ın yazdığına görə, Gelsenkirxen Bələdiyyəsinin başçısı Karin Velge, Sviftin adının şəhərə verilməsi üçün bir neçə həftə əvvəl petisiyaya başlayan Alexani Vesthoffun tələbinə cavab verib. Velge Svift fanatı Alexani Vesthoffa məktubunda yazır: "Gelzenkirxen şəhərinin adını müvəqqəti olaraq "Sviftkirxen" olaraq dəyişdirmək əla ideyadır". Məlumata görə, Vesthoff dünən müvəqqəti də olsa, şəhərin yeni adını daşıyan lövhənin açılışını edib.

Bələdiyyə sözçüsü Markus Şvardtmann, yaxın günlərdə "Gelsenkirxenin sıx ziyarət edilən ərazilərində" daha bir neçə işarənin görünəcəyini söyləyib. "Gelsenkirxendəki Svift pərəstişkarları üçün böyük və kiçik bir çox sürprizlər olacaq" deyə Şvardtmann əlavə edib.

Yerli ictimai nəqliyyat operatoru BOGESTRA artıq “Taylor Svift tramvayını” təqdim edib. Sviftin pərəstişkarları, həmçinin konsert günlərində şəhərin mərkəzində “Taylor Town” adlı açıq havada təşkil olunan partilərə qatıla biləcəklər.

Təşkilatçılar “Şalke”nin “Veltins Arena”sında keçirilməsi planlaşdırılan konsertin anşlaqla başa çatdığını bildiriblər.

Hər gecə konsertlərə 70 min Svift pərəstişkarının gəlməsi gözlənilir. 14 Qremmi qazanan Svift daha sonra çıxışlarını davam etdirmək üçün Hamburq və Münhenə gedəcək.