Apteklərdə tibbi maskalar niyə “yoxa çıxdı”?

12:30 23.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər yolumuzu apteklərdən saldıq. Başqa niyyətimiz yoxdur, tibbi maska almaq üçün aptekə daxil olduq.

-2 ədəd tibbi maska, zəhmət olmazsa.

-Müəllim, tibbi maska yoxdur, qurtarıb.

Bir neçə aptekə baş çəkdik. Cavablar eyni oldu. Doğrusu, karantin günlərində paytaxtın “Memar Əcəmi” və “20 Yanvar” metrostansiyaları yaxınlığındakı apteklərdə tibbi maskaların “yoxa çıxması” bizi təəccübləndirməyə bilməzdi. Formokoloqlardan, satıcılardan səbəbi soruşduq. Onlar hafta.az-a bildirdilər ki, elə bir ciddi səbəbi yoxdur: “Karantin günlərində işləmələrinə icazə verilən müəssisələrin əməkdaşları, səlahiyyətli qurumlardan bir yetkili gəlir, 30-40 dənəsini alıb aparır. Biz də malımızı satırıq. Əvvəl 50-100 ədəd gəlirdi. İndi 200-300 ədəd gələndə də iki-üç saata satılıb qurtarır”.

Başqa bir aptekdən bildirdilər ki, bu gün gələn bir qutu tibbi maska defekt çıxdığı üçün depoya geri qaytarılıb. Özü də xarici ölkə istehsalıdır. Satıcılar onu da deyirlər ki, Azərbaycana yardım məqsədi ilə göndərilən tibbi maskalarda daha çox keyfiyyətsizlik və defekt nəzərə çarpır.

Digər aptekdən isə bildirdilər ki, son iki-üç gündür ki, onlara limitlə 50 ədəd tibbi maska verilir: “Onun 10-15 ədədini özümüz alırıq. Çünki burada insanlarla işləyirik. Gündə iki dəfə maska dəyişirik. Gigyenik qaydalara əməl edirik. Yerdə qalanını da satırıq. Dövlət limit qoymalıdır ki, bir adama 2,3,5... ədəd satın. Yoxsa, biz kimik ki... Bir nəfər gəlir, 10 ədəd alıb gedir. Digərlərinə də çatmır. Tibbi maska da çox vaxt gündə bir dəfə gəlir”.

Digər aptekdən isə bildirdilər ki, ara məhəllələrdəki apteklərdən tibbi maska tapmaq olur, bir o qədər də satılmır. Amma metro həndəvərindəki apteklərdə durum bir az fərqlidir: “Depoda yetərincə tibbi maska var. Sadəcə olaraq, metroya tibbi maskasız daxil olmaq olmur. Ona görə də vətəndaşlar geri qayıdıb bizlərdən – yaxınlıqdakı apteklərdən maska alırlar. Digərlərindən fərqli olaraq bizə gündə 3 dəfə tibbi maska gəlir. Yenicə bitib. Günorta 2-dən sonra yenə 200 ədəd gələcək”.

Beş-altı aptekə baş çəkdikdən sonra axır ki, tibbi maska tapa bildik. Pulumuzu ödəyib tibbi maskanı taxmaq istəyirdik ki, “qulpu” qırıldı. Məcbur qalıb o birini ehtiyatla ağzımıza keçirdik və metroya düşdük.