Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, agentliyin Lənkəran regional bölməsinin əməkdaşları tərəfindən Lənkəran rayonunun Şağlaser kəndində yerləşən “Lenk-Fruit” MMC-yə məxsus qarışıq meyvə bağında fitosanitar müşahidələr aparılıb. Bununla yanaşı, təsərrüfata məxsus 56 hektar naringi bağında Aralıq dənizi meyvə milçəyinin (Ceratitis capitata) mövcudluğunu müəyyənləşdirmək üçün feromon tələlər asılıb.
Monitorinqlər zamanı təsərrüfat sahiblərinə meyvə bağlarının əsas zərərvericiləri, onlara qarşı mübarizə üsulları və pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı məlumatlar verilib.