Artan neft qiymətləri - Aktual

16:54 30.03.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dünyada neft qiymətləri artmaqda davam edir. Həm Yaxın Şərqdə gərginliyin artması, həm Qırmızı dənizdə gəmilərə hücumların çoxalması, Ukraynanın Rusiyanın neft zavodlarına zərbə vurması, həm də ABŞ-ın Rusiya neftinin alışı ilə bağlı tətbiq etdiyi sanksiyalar birjalarda öz “sözünü” deyir. Proqnozlara görə, siyasi gərginliyin davam edəcəyi təqdirdə neftin qiyməti il ərzində hətta 130 dollara qədər bahalaşa bilər.

Yeri gəlmişkən, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü il üçün qlobal neft tələbatının artımı ilə bağlı proqnozu dəyişməyib. Təşkilatın fevral ayı hesabatında qeyd olunub ki,

tələbatın gündəlik 2,2 milyon barel artaraq 104,4 milyon barelə çatacağı gözlənilir. ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşacağına dair gözləntilərə görə bu ölkədə neft tələbatın artımı ilə bağlı proqnoz yüksəldilib. Eyni zamanda, OPEK ölkələri və onların tərəfdaşları neft hasilatının azaldılması müddətini iyunun sonuna qədər uzadıblar.

Qeyd edək ki, 2023-cü ilin noyabrında OPEK ölkələri və tərəfdaşları hasilatın gündəlik 2,2 milyon barel azaldılmasını könüllü olaraq birinci rübdə uzatmağa razılaşmışdılar.

Xatırladaq ki, hazırda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 88,30 ABŞ dolları təşkil edir."Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 dollardan hesablanıb.

Bəs, görəsən, bu tendensiya nə qədər davam edəcək? Azərbaycanın qazancı nə qədər olacaq?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, neftin qiyməti son bir ayda 70-90 dollar arasında dəyişib, amma bunun elə ciddi bir risk yaradacağı ehtimalı azdır: “Azərbaycan nefti dünyanın ən bahalı neftidir deyə bilərik, hətta bir çox hallarda “Brent” markalı neftdən belə baha satılır. Neft qiymətlərinin bahalaşmasının Azərbaycana ilkin periodda təhlükəsi yoxdur. Əksinə neft gəlirlərinin artması fonunda büdcə gəlirlərində artımlar baş verir, tədiyə balansı normaya düşür, maliyyə sabitliyi daha da güclənir”.

Ekspert vurğulayıb ki, enerji qiymətlərinin artması bir müddətdən sonra ölkəyə inflyasiya şəklində geri qayıdır. Onun sözlərinə görə, dünyada neft-qaz qiymətlərinin bahalaşması müsbət amildir: “Azərbaycanda hazırda 2024-cü il üçün neftin qiyməti büdcə proqnozlarında xərclər planında 60 dollar kimi götürülüb. İndiki 85-88 dollarlıq qiymətlər isə bizim üçün oldquca komfortludur. Neftin orta qiymətinin bahalaşması ölkənin icmal balansına 2.1 milyar manat xeyir gətirir. 1.7 milyard manat Dövlət Neft Fondunun gəlirlərini artırır 400 milyon manat isə büdcə gəlirlərini artırır. Ümumi şəkildə neftin hər 10 dollar illik orta qiymətinin yüksək olması Azərbaycanın icmal büdcəsinə 2.1 milyard manatlıq fayda verir".

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov deyib ki, bu tendensiyanın nə qədər davam edəcəyini söyləmək çətindir. Amma neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımından çox vacibdir: "Artımların müşahidə olunması daha çox vəsaitinin Azərbaycana daxil olmasına imkan yaradır, çünki ölkə ixracatının 80 faizini neft və neft məhsulları təşkil edir. Bu kontekstdən təbii ki, Azərbaycanın dövlət gəlirlərində neftin dünya bazar qiymətinin xüsusi rolu var. Qiymətlərin artması praktik olaraq Azərbaycan üçün müsbət amildir, çünki bizim dövlət gəlirlərimiz artır. Hətta orta hesabla bütövlükdə qiymətləndirmə göstərir ki, hər barel neftin qiymətinin artması ölkəyə daha çox valyutanın daxil olması deməkdir. Bu baxımdan neftin dünya bazar qiymətinin baha olması bizim üçün əlverişlidir".

Qeyd edək ki, cari ilin yanvar-fevral ayında Azərbaycan İtaliyaya 1 032 904,36 min ABŞ dolları dəyərində 1 628 532,35 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 527 533,57 min dollar dəyərində 884 322,85 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Cari ilin yanvar-fevral aylarında bu ölkəyə 359 981,9 min dollar 574 400,33 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 16 ölkəyə 2 826 058,64 min dollarlıq 4 595 490,11 ton neft ixrac edib.

Həmçinin, bu ilin yanvar-fevral aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 35 960 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 2,6% çoxdur.

Məlumata görə, 2023-cü ilin müvafiq dövründə BTC vasitəsilə Türkiyə ərazisi ilə 35 049 min barel neft nəql edilib.

Qeyd edək ki, ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 228 811 min barel neft nəql edilib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1,5% çoxdur.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

Sevinc