“44 günlük Vətən müharibəsi və 2023-cü il 19-20 sentyabrda həyata keçirilən antiterror əməliyyatının təhlili dövlətimizin ərazi müdafiəsinin təmin edilməsini nəzərdə tutan qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə zərurət olduğunu göstərdi.
Belə ki, 26 noyabr 1993-cü ildə qəbul edilmiş “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası müdafiəsinin təşkilinin əsaslarını müəyyənləşdirir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında qanun layihəsini müzakirəyə təqdim edən deputat Arzu Nağıyev bildirib.
Deputat bildirib ki, bu qanunun “Ərazi müdafiəsi” adlanan 17-ci maddəsində ərazi müdafiəsinin hansı məqsədlə təşkil olunması müəyyən edilsə də, “Ərazi müdafiəsi”-nin anlayışı verilməmişdir.
“Təqdim edilən layihədə 17-ci maddə yeni redaksiyada verilməklə ilk növbədə “Ərazi müdafiəsi”-nin anlayışı müəyyən edilir. Bundan başqa 2016-cı il 26 sentyabr tarixdə keçirilmiş referendumda Konstitusiyaya qəbul edilmiş dəyişikliklərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olması müəyyən edildiyindən “Müdafiə haqqında” Qanunun 17-ci maddəsinin 2-ci hissəsinin redaksiyasının da təkmilləşdirilməsi təklif edilir. Dəyişikliyə görə ərazi müdafiəsinin Silahlı Qüvvələr tərəfindən dövlət və yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi nəzərdə tutulur. Təqdim edilən Qanun layihəsinə əsasən ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən edilir və həmin Əsasnamə dövlət başçısı tərəfindən müvafiq normativ hüquqi aktla təsdiq edilir.
Qanunvericilik təşəbbüsü hüququ qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilən və dövlətimizin müdafiəsinin təşkilinin hüquqi əsaslarını daha da təkmilləşdirən bu mühüm qanun layihəsi Komitədə də müzakirə edilmiş və Milli Məclisin iclasına tövsiyə edilmişdir”-deyə deputat deyib.